970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“AzerGold” 2030-cu ilədək 1 milyard manat dövriyyə hədəfləyir – 4 layihəyə 3,63 milyard manat investisiya planlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” 2030-cu ilədək 1 milyard manat dövriyyə hədəfləyir – 4 layihəyə 3,63 milyard manat investisiya planlaşdırılır
iç səhifə xəbər şəkil altı (mobil)_32

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin qarşıdakı mərhələ üçün əsas hədəfi 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevrilməkdir.

Marja xəbər verir ki, bunu “AzerGold” QSC-nin sədri Zakir İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib.

Reklam_3_11

İbrahimov qeyd edib ki, strateji layihələrin maliyyələşdirilməsində daxili gəlir və borc vəsaitləri hesabına, həmçinin özəl investisiyaya üstünlük veriləcək.

“Nəticədə əsas məqsədimiz gəlir və məşğulluq göstəricisinə görə “AzerGold”u Azərbaycanın qeyri-neft sənayesinin ən iri şirkətlərindən birinə çevirməkdir”.

“Çovdar”ın qızıl ehtiyatı 179 min unsiyadan 1,02 milyon unsiyaya çatdırılıb

Zakir İbrahimov bildirib ki, “AzerGold” QSC 2015-ci ildə yaradılıb və 2016-cı ildə Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədənində fəaliyyətə başlanılıb. Növbəti ilin aprel ayında gümüş-qızıl xəlitənin ilk ixracı həyata keçirilib.

Həmin dövrdə yatağın çıxarıla bilən qızıl ehtiyatı 179 min unsiya qiymətləndirilirdi və istismar müddətinin 2021-ci ildə başa çatacağı proqnozlaşdırılırdı.

Sonrakı illərdə aparılan optimallaşdırma və genişmiqyaslı geoloji kəşfiyyat işləri nəticəsində ehtiyatlar 1,02 milyon unsiyaya çatdırılıb, istismar müddəti isə ən azı 2032-ci ilədək uzadılıb.

“Mərəh”, “Ağyoxuş”, “Tülallar” və “Çovdar” yataqlarından filizin emalı vahid istehsal mərkəzində – Çovdar İnteqrə olunmuş Regional Emal Sahəsində birləşdirilib.

“AzerGold” çoxşaxəli dağ-mədən şirkətinə çevrilib

Növbəti illərdə şirkətin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirilib.

Əlvan metallarla yanaşı, qara metal filizləri üzrə fəaliyyətə keçid təmin edilib və bu məqsədlə “Daşkəsən Dəmir Filiz” MMC yaradılıb. “AzerBlast” MMC isə sənaye partlayıcı maddələrin istehsalı və satışı üzrə fəaliyyətə başlayıb.

Geoloji kəşfiyyatda hiperspektral peyk çəkilişləri və aeroelektromaqnit tədqiqatlar kimi müasir texnologiyalar tətbiq edilərək yeni perspektivli sahələr müəyyənləşdirilib.

Cari ildə “AzerGold” Qafqazın ən böyük qızıl yataqlarından biri olan “Söyüdlü” yatağında – “Zod” yatağında fəaliyyətə başlayıb.

Beləliklə, 10 il ərzində “AzerGold” qızıl hasil edən şirkətdən geoloji kəşfiyyat, əlvan və qara metal filizləri, sənaye partlayıcıları və qeyri-filiz sahəsini əhatə edən çoxşaxəli və inteqrə olunmuş milli dağ-mədən şirkətinə çevrilib.

“AzerGold”un gəlirləri 3,5 dəfə artıb

Şirkətin iqtisadi göstəricilərindən danışan Zakir İbrahimov bildirib ki, qızıl hasilatı, gəlirlər, EBITDA və vergi ödənişləri fəaliyyət dövrü ərzində davamlı artım nümayiş etdirib.

Qızıl hasilatı 2017-ci illə müqayisədə 2 dəfədən çox artıb. Gəlirlər 3,5 dəfə yüksəlib.

Ümumi gəlirlərin 92 faizi ixracdan, 8 faizi isə daxili bazarda satışdan formalaşır.

2019-cu ildən qızıl və gümüş məhsullarının istehsalına başlanılıb və daxili pərakəndə satış əlavə dəyər mənbəyinə çevrilib.

EBITDA 260 milyon manata çatıb, vergi ödənişləri 15 dəfə artıb

“AzerGold”un EBITDA göstəricisi 2017-ci ildə 46 milyon manat olduğu halda, 2025-ci ildə 260 milyon manata çatıb.

Beləliklə, göstərici təxminən 6 dəfə artıb. EBITDA marjası isə orta hesabla 50 faizdən yüksək olub.

Eyni zamanda, şirkətin vergi ödənişləri 15 dəfə artıb.

Ehtiyatların 6 dəfə artması nəticəsində “Çovdar”da istehsal müddəti 11 il uzadılıb.

2025-ci ildə əldə olunan mənfəətin təqribən 42 milyon manatı səhmdara – dövlətə dividend olaraq ödəniləcək.

Dövlətin mənfəətdən payı 77,5 milyon manata çatıb

“AzerGold” Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövlət təmsilçiliyi istiqamətində də nəticələr əldə edib.

2024-cü ilin iyun ayından etibarən həyata keçirilən nəzarət tədbirləri nəticəsində “Azerbaijan International Mining Company Limited” şirkətinin istehsal və maliyyə göstəricilərində ciddi artım əldə olunub.

Qızıl ekvivalentində hasilat 2024-cü ilin ilk yarısındakı 5,3 min unsiyadan 2026-cı ilin ilk yarısında 37,6 min unsiyaya yüksəlib, yəni 7,1 dəfə artıb.

Dövlətin mənfəətdən payı isə 2,4 milyon manatdan 37,6 milyon manata çatıb. Bu, 15 dəfədən çox artım deməkdir.

Ümumilikdə “AzerGold”un dövlət təmsilçiliyi dövründə cari tarixə dövlətin mənfəətdən payı 77,5 milyon manat təşkil edib.

2026-cı ildə artımın əsas hissəsi işğaldan azad edilmiş Ağdərə rayonunda yerləşən “Dəmirli” mis mədənində hasilatın bərpası hesabına əldə olunub.

“Çovdar”da ildə təxminən 70 min unsiya qızıl hasil olunur

“AzerGold”un fəaliyyəti artıq dağ-mədən sənayesinin bütün əsas dəyər zəncirini əhatə edir.

Şirkət geoloji kəşfiyyat, hasilat, emal, ixrac və satış mərhələlərini vahid sistem şəklində həyata keçirir.

“Çovdar”da iki fərqli emal texnologiyası vasitəsilə ildə təxminən 70 min unsiya qızıl hasil olunur.

Emal nəticəsində qızıl və gümüş tərkibli xəlitələr istehsal olunur, əsas hissəsi ixrac edilir, digər hissəsi isə daxili bazarda satılır.

 “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” istismara hazırlanacaq

Dövlət Proqramının icrası nəticəsində 2030-cu ilədək əsas hədəf dəyər zəncirinin əhəmiyyətli dərəcədə genişləndirilməsidir.

Bu məqsədlə “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqları istismara hazırlanacaq.

“Filizçay”da mis, sink və qurğuşun tamhəcmli emalı, “Söyüdlü”də flatasiya üsulu ilə qızılın emalı, “Daşkəsən” layihəsində isə poladtökmə sahəsi üçün ildə 2 milyon ton ən yüksək keyfiyyətə cavab verən isti briketləşmiş dəmir istehsalı gücü yaradılacaq.

Bununla da “AzerGold” qiymətli, əlvan və qara metallar üzrə ixrac potensialını əhəmiyyətli dərəcədə genişləndirəcək.

15 min kvadratkilometr ərazinin mineral resurs xəritəsi hazırlanacaq

Mineral resurs bazasının artırılması və yeni mədənlərdə istismara başlanılması məqsədilə işlər 4 əsas mərhələdə həyata keçirilir.

İlkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə tədqiqatlar davam etdirilir və işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır.

Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq.

Naxçıvan Muxtar Respublikasında ilkin axtarış-qiymətləndirmə işləri Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə tərəfindən həyata keçiriləcək.

Üç yataqda 1,5 milyon qızıl ekvivalenti unsiya ilkin resurs müəyyən edilib

İlkin kəşfiyyat mərhələsində 5 yataq üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam etdirilir.

Naxçıvanda “Göydağ” və “Başkənd” mis-qızıl yataqları, Balakəndə “Mazımçay” mis yatağı üzrə artıq ümumilikdə təxminən 1,5 milyon qızıl ekvivalenti unsiya ilkin resurs müəyyən edilib.

Naxçıvandakı “Nəsirvaz”, Kəlbəcərdəki “Tutxun” qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir.

“Filizçay”da 4 milyon unsiya qızıl ekvivalentində resurs müəyyən edilib

Dəqiq kəşfiyyat və texniki-iqtisadi əsaslandırma mərhələsində 3 yataq artıq istismara hazırlanır.

“Söyüdlü” üzrə təxminən 1,03 milyon unsiya qızıl, “Ortakənd” üzrə 246 min unsiya qızıl, “Filizçay” üzrə isə 4 milyon qızıl ekvivalentində unsiya resurs müəyyən edilib.

4 strateji layihəyə 3,63 milyard manat investisiya tələb olunur

“AzerGold”un Dövlət Proqramı çərçivəsində həyata keçirəcəyi 4 əsas strateji layihə üzrə ümumi investisiya həcmi təxminən 3,63 milyard manat təşkil edir.

Bu investisiyaların yalnız təxminən 10 faizinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır.

“Söyüdlü” yatağının iqtisadi dəyəri 7,5 milyard manatdır

İlk layihə “Söyüdlü” qızıl yatağıdır. Burada ilk istehsal 2028-ci ildə nəzərdə tutulub.

Layihənin qızıl resursu 1,03 milyon unsiya qızıldır və kəşfiyyat davam etdirilir, bu rəqəmin artması ehtimalı da var.

İqtisadi dəyəri qızılın bugünkü qiyməti ilə 7,5 milyard manat təşkil edir, tələb olunan investisiya 425 milyon manatdır.

İnvestisiyanın “AzerGold”un daxili gəliri və cəlb edəcəyi borc hesabına maliyyələşdirilməsi planlaşdırılır.

“Ortakənd” yatağının iqtisadi dəyəri 1,8 milyard manatdır

İkinci layihə Naxçıvanda yerləşən “Ortakənd” qızıl yatağıdır. Burada ilk istehsal 2029-cu ildə nəzərdə tutulub.

Qızılın resursu 246 min unsiya təşkil edir və iqtisadi dəyəri 1,8 milyard manatdır.

Tələb olunan investisiya 255 milyon manatdır. Layihənin də “AzerGold”un daxili gəliri və cəlb ediləcək borc hesabına icrası planlaşdırılır.

“Filizçay”ın iqtisadi dəyəri 29,7 milyard manat qiymətləndirilir

“Filizçay” polimetal yatağının tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır.

Yatağın 34 illik istismarı dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır.

Layihənin iqtisadi dəyəri 29,7 milyard manat təşkil edir və tələb olunan investisiya təqribən 1 milyard manatdır.

Layihənin icrası “AzerGold”un daxili gəlirləri, cəlb ediləcək borc vəsaitləri və müxtəlif həcmdə investor vəsaitlərinin cəlb edilməsi hesabına həyata keçirilə bilər.

“Daşkəsən” layihəsinə 1,95 milyard manat investisiya tələb olunur

“Daşkəsən” dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur.

Layihə üzrə illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücü yaradılacaq.

Tələb olunan investisiya 1,95 milyard manatdır.

Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorun iştirakı hesabına təmin ediləcək.

Beləliklə, 4 strateji layihə üzrə təxminən 3,63 milyard manat investisiya tələb olunur və bunun təqribən 10 faizinin dövlət büdcəsindən ayrılması üçün müraciət ediləcək.

1,28 milyon unsiya əlavə qızıl ehtiyatı hasilata cəlb ediləcək

“AzerGold” Dövlət Proqramına uyğun olaraq 4 əsas strateji istiqamət üzrə irəliləyəcək.

Birinci istiqamət qızıl hasilatı və emalıdır.

“Söyüdlü” və “Ortakənd” üzrə ümumilikdə təxminən 1,28 milyon unsiya əlavə qızıl ehtiyatlarının hasilata cəlb edilməsi ölkə üzrə qızıl ixracını əhəmiyyətli dərəcədə artıracaq.

1,7 milyon ton isti briketləşdirilmiş dəmir ixrac potensialı formalaşacaq

İkinci istiqamət qara metallurgiyadır.

“Daşkəsən” layihəsi çərçivəsində 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalat gücü yaradılacaq və təxminən 1,7 milyon ton hissəsi ixrac potensialını formalaşdıracaq.

Üçüncü istiqamət əlvan metallardır. “Filizçay” üzrə mis, sink və qurğuşun resursunun hasilata hazırlanması ölkənin ixrac portfelini genişləndirəcək və yeni sənaye istiqamətini formalaşdıracaq.

Dördüncü istiqamət isə dağ-mədən sənayesinin yan sahələrinin inkişafıdır. Bu layihələr yeni istehsal zəncirlərinin, xidmət sahələrinin və ümumilikdə sənaye potensialının güclənməsinə töhfə verəcək.

Dövlət Proqramının icrasına 2027-ci ildən başlanması nəzərdə tutulur

Zakir İbrahimov bildirib ki, 2027-ci ildən icrasına başlanması nəzərdə tutulan Dövlət Proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin əsas yol xəritəsi olacaq.

“AzerGold” bu strateji hədəflərin icrası üçün bütün imkan və resurslarını səfərbər edəcək, fəaliyyətini yüksək məsuliyyətlə davam etdirəcək.

AzerGold Zakir İbrahimov İlham Əliyev dağ-mədən sənayesi Dövlət Proqramı 3 63 milyard manat investisiya AzerGold 1 milyard manat dövriyyə Filizçay yatağı Söyüdlü yatağı Ortakənd yatağı Daşkəsən dəmir filizi Çovdar qızıl yatağı qızıl hasilatı mis hasilatı sink qurğuşun qızıl ehtiyatları 29 7 milyard manat 7 5 milyard manat 1 95 milyard manat investisiya isti briketləşdirilmiş dəmir qızıl ixracı qeyri-neft ixracı mineral resurslar geoloji kəşfiyyat Naxçıvan yataqları Kəlbəcər Tutxun Göydağ yatağı Başkənd yatağı Mazımçay yatağı Dəmirli mis mədəni AzerGold EBITDA dövlət dividendi Azərbaycan metallurgiya sənayesi
22.09.2026 14:22
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19