Audi ABŞ-da 4 milyard dollarlıq zavod tikəcək – İldə 200 min avtomobil istehsal olunacaq
4 500 nəfər işlə təmin olunacaqAlmaniyanın “Volkswagen” qrupuna məxsus lüks avtomobil istehsalçısı “Audi” ABŞ-ın Corciya ştatında ilk zavodunu qurmaq üçün 4 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Şirkət bununla ABŞ bazarındakı satışlarını artırmağı və idxal rüsumlarından asılılığını azaltmağı hədəfləyir.
Marja.az xəbər verir ki, bu barədə “Audi”nin baş icraçı direktoru Gernot Döllner oktyabrın 25-də jurnalistlərlə görüşündə bildirib.
Yeni zavodun tikintisi barədə ilk açıqlamanı ABŞ Prezidenti Donald Tramp oktyabrın 24-də Corciya ştatında keçirilən seçki kampaniyası tədbirində verib.
“Audi” rəhbərinin sözlərinə görə, ABŞ şirkət üçün böyük inkişaf potensialına malik bazardır.
“Bizim Amerikada Audi ilə bağlı daha böyük ambisiyalarımız var. ABŞ dünyanın ikinci ən böyük premium avtomobil bazarıdır və hazırda biz bu potensialdan tam istifadə etmirik. Bunu dəyişirik”, – deyə Döllner bildirib.
Şirkətin rəsmi məlumatına əsasən, layihə çərçivəsində təxminən 4 500 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun tikintisinə 2027-ci ildə başlanılması, istehsalın isə 2030-cu illərin əvvəllərində işə salınması planlaşdırılır.
Zavodda Audi Q7, Q8 və Q9 modelləri istehsal ediləcək
Yeni müəssisədə “Audi”nin Q7, Q8 və Q9 modellərinin istehsalı planlaşdırılır.
Zavodun illik istehsal gücü 200 min avtomobilə qədər olacaq. Şirkət istehsal ediləcək avtomobillərin təxminən yarısını ABŞ-dan kənar bazarlara ixrac etməyi nəzərdə tutur.
“Audi of America”nın prezidenti Vito Paladino bildirib ki, yeni müəssisə brendin ABŞ avtomobil bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək.
Onun sözlərinə görə, şirkətin ABŞ-dakı investisiya və istehsal planları ilə bağlı əlavə məlumatlar yaxın vaxtlarda açıqlanacaq.
ABŞ-ın idxal rüsumları Audi-yə 1,4 milyard dollara başa gəlib
“Audi”nin ABŞ-da istehsal müəssisəsi yaratmaq qərarının əsas səbəblərindən biri idxal rüsumlarının yaratdığı əlavə xərclərdir.
Şirkət hazırda ABŞ bazarında satdığı bütün avtomobilləri Avropa və Meksikadakı müəssisələrindən idxal edir.
2025-ci ildə ABŞ-ın tətbiq etdiyi idxal rüsumları “Audi”yə 1,2 milyard avro, yaxud təxminən 1,4 milyard dollar əlavə xərc yaradıb.
Almaniyadan ABŞ-a idxal olunan avtomobillərə tətbiq edilən rüsum hazırda 15% təşkil edir. Əvvəllər bu göstərici 25% idi.
Döllner bildirib ki, istehsalın lokallaşdırılması həm xərclərin optimallaşdırılması, həm də ABŞ bazarında uzunmüddətli rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından ən məqsədəuyğun qərardır.
Volkswagen Almaniyada 50 min iş yerini ixtisar etməyi planlaşdırır
“Audi”nin ABŞ-da milyardlarla dollarlıq zavod qurmaq qərarı onun ana şirkəti “Volkswagen” qrupunun genişmiqyaslı restrukturizasiya proqramını həyata keçirdiyi dövrə təsadüf edir.
Şirkətin yenidən strukturlaşdırılması planları çərçivəsində 50 min iş yerinin ixtisarı və 2031–2034-cü illərdə Almaniyada dörd müəssisənin, o cümlədən “Audi”yə məxsus zavodlardan birinin bağlanması nəzərdən keçirilir.
Bu fonda “Audi”nin ABŞ-a iri həcmdə investisiya yönəltməsi Almaniyada avtomobil sənayesinin gələcəyi və məşğulluq imkanları ilə bağlı müzakirələrə səbəb olub.
Lakin Gernot Döllner bildirib ki, Corciyada zavodun tikilməsi Almaniyadakı fəaliyyətin zəiflədilməsi anlamına gəlmir.
“Bu, Almaniyanın əleyhinə verilmiş qərar deyil. Almaniya Audi-nin əsas dayağı olaraq qalır. Avtomobillərimizi burada hazırlayırıq, texnologiyalarımız burada yaradılır. Corciyadakı zavod Almaniyadakı fəaliyyətimizdən heç nə almır”, – deyə o vurğulayıb.
Almaniyanın IG Metall həmkarlar ittifaqı isə ABŞ-da genişlənmənin Almaniyadakı iş yerlərinin gələcəyinə mənfi təsir göstərməməsinin vacibliyini bildirib.
Zavod üçün 70-dən çox yer araşdırılıb
“Audi” rəhbərinin sözlərinə görə, ABŞ-da zavodun tikilməsi qərarı bir neçə il ərzində hazırlanıb.
Şirkət istehsal müəssisəsinin yerləşəcəyi ərazini müəyyənləşdirmək üçün 70-dən çox məkanı qiymətləndirib, dövlət qurumları ilə aylarla intensiv danışıqlar aparıb.
Döllner bildirib ki, layihənin elan edilməsinin Donald Trampın seçki kampaniyası tədbirinə təsadüf etməsi əvvəlcədən planlaşdırılmayıb.
Onun sözlərinə görə, ABŞ administrasiyası şirkətdən layihəni Corciyadakı tədbirdə açıqlamağı xahiş edib və “Audi” dəvəti qəbul edib.
Şirkət rəhbəri əlavə edib ki, “Audi” ABŞ-da istehsal müəssisəsi yaradan sonuncu böyük Almaniya premium avtomobil markası olacaq. “Mercedes-Benz” və BMW artıq uzun müddətdir bu ölkədə avtomobil istehsal edir.
Audi ABŞ bazarında satışlarını artırmağa çalışır
“Audi”nin ABŞ-dakı satışları son illərdə zəif dinamika nümayiş etdirib.
Şirkətin ABŞ bazarında avtomobil satışları 2025-ci ildə 2024-cü illə müqayisədə 16% azalıb.
2026-cı ilin ilk doqquz ayında isə tədarük həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dəyişməz qalıb.
Yeni zavod “Audi”nin ABŞ-da istehsal xərclərini və idxal rüsumlarından yaranan riskləri azaltmaqla yanaşı, premium SUV seqmentində BMW və “Mercedes-Benz” kimi rəqiblərlə mübarizədə mövqeyini gücləndirməyə hesablanıb.
Şirkətin açıqladığı strategiyaya əsasən, ABŞ uzunmüddətli perspektivdə Avropa və Çinlə yanaşı, “Audi”nin üçüncü əsas istehsal mərkəzinə çevrilməlidir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
6 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 8 d. əvvəl
-
25 d. əvvəl
Türkiyə brendi Azərbaycana 5 milyon dollar yatıracaq– Daha 6 mağaza açmağı planlaşdırır
-
1 saat əvvəl
Audi ABŞ-da 4 milyard dollarlıq zavod tikəcək – İldə 200 min avtomobil istehsal olunacaq
-
1 saat əvvəl
İlon Mask: SpaceX süni intellekt çipləri almaq üçün 40 milyard dollar borc cəlb edib
- 10 saat əvvəl
-
2 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Türkiyə brendi Azərbaycana 5 milyon dollar yatıracaq– Daha 6 mağaza açmağı planlaşdırır
İlon Mask: SpaceX süni intellekt çipləri almaq üçün 40 milyard dollar borc cəlb edib
FED-in faiz dərəcəsini dəyişməyəcəyi gözlənilir
Ən çox oxunanlar
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır

























