FED faiz qərarını açıqladı
FED faiz dərəcəsini dəyişmədi – Dekabrda artım ehtimalı 85 faizə yüksəlib22:04 - ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) oktyabrın 28-də başa çatan ikigünlük iclasının yekununda əsas faiz dərəcəsini dəyişməyərək 3,75–4,00 faiz intervalında saxlayıb.
Marja.az xəbər verir ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) bu qərarı maliyyə bazarlarının gözləntilərinə uyğun olub.
FED sentyabr ayında uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75–4,00 faiz intervalına yüksəltmişdi. Beləliklə, ABŞ Mərkəzi Bankı əvvəlki iclasda faiz artımına getdikdən sonra oktyabrda pul-kredit siyasətini əlavə sərtləşdirməməyə qərar verib.
İnvestorların diqqəti artıq FED-in dekabr iclasına yönəlib.
CME Group-un “FedWatch” alətinin məlumatlarına əsasən, federal fondlar üzrə fyuçers müqavilələrinin qiymətləri dekabr ayında faiz dərəcəsinin artırılması ehtimalının təxminən 85 faiz olduğunu göstərir.
Bazar iştirakçılarının gözləntiləri reallaşarsa və FED dekabrda faiz dərəcəsini 0,25 faiz bəndi artırarsa, əsas faiz intervalı 4,00–4,25 faizə yüksələcək.
FED sədri Kevin Uorş (Kevin Warsh) Bakı vaxtı ilə saat 22:30-da keçiriləcək mətbuat konfransında Mərkəzi Bankın son qərarını şərh edəcək.
İnvestorlar onun açıqlamalarında inflyasiyanın perspektivləri və gələcək faiz qərarları ilə bağlı siqnalları diqqətlə izləyəcəklər.
Qeyd edək ki, ABŞ-da inflyasiya FED-in 2 faizlik hədəfindən yüksək olaraq qalır. Bu da qarşıdakı aylarda pul-kredit siyasətinin daha da sərtləşdirilməsi ehtimalını gündəmdə saxlayır.
FED-in növbəti faiz qərarı 9 dekabr 2026-cı ildə açıqlanacaq.
XXX
Qərar 10 lehinə, 2 əleyhinə səslə qəbul edilib. FED-in İdarə Heyətinin üzvü Liza Kuk (Lisa Cook) və Klivlend Federal Ehtiyat Bankının prezidenti Bet Hammak (Beth Hammack) faiz dərəcəsinin daha 0,25 faiz bəndi artırılmasının tərəfdarı olublar.
Beləliklə, komitənin 12 üzvündən ikisi inflyasiya risklərinə qarşı pul-kredit siyasətinin daha da sərtləşdirilməsini məqsədəuyğun hesab edib.
FED dekabrda faiz artımı ilə bağlı açıq siqnal verməyib
FED-in qərarında diqqətçəkən məqamlardan biri dekabr ayında keçiriləcək növbəti iclasda faiz dərəcələrinin artırılacağına dair açıq siqnalın verilməməsidir.
Qərarın mətnində bildirilir ki, əlavə məlumatların toplanması inflyasiyanın vaxtında 2 faizlik hədəfə qaytarılmasını təmin etmək üçün uyğun pul-kredit siyasətinin müəyyənləşdirilməsinə kömək edəcək.
Bu yanaşma FED-in növbəti faiz qərarını əvvəlcədən müəyyənləşdirmək əvəzinə, açıqlanacaq iqtisadi göstəricilərə əsaslanacağını göstərir.
Bununla belə, maliyyə bazarlarında dekabr ayında yeni faiz artımı gözləntiləri qalmaqdadır. FED-in oktyabr qərarından əvvəl fyuçers bazarında dekabrda faiz artımı ehtimalı yüksək qiymətləndirilirdi.
FED ABŞ iqtisadiyyatının güclü artdığını bildirir
FED-in açıqlamasında ABŞ iqtisadiyyatında fəaliyyətin güclü templə genişlənməyə davam etdiyi vurğulanıb.
Mərkəzi Bankın qiymətləndirməsinə görə, geosiyasi hadisələrlə bağlı qeyri-müəyyənlik yüksək olaraq qalsa da, ölkə daxilində istehlak və digər xərclər dayanıqlılığını qoruyub.
Eyni zamanda, məhsuldarlıq artımının güclü olduğu, kapital qoyuluşlarının yüksək səviyyədə qaldığı qeyd edilib.
Əmək bazarına gəldikdə isə, yeni iş yerlərinin sayındakı artımın işçi qüvvəsinin genişlənməsi ilə uyğunlaşdığı, işsizlik səviyyəsinin isə ciddi dəyişmədiyi bildirilib.
İnflyasiya yüksək olaraq qalır
FED-in qərarına təsir edən əsas amillərdən biri inflyasiyanın hələ də hədəfdən yüksək olmasıdır. Mərkəzi Bankın açıqlamasında qiymət artımlarının yüksək səviyyədə qaldığı bir daha vurğulanıb.
ABŞ-da sentyabr ayında istehlak qiymətləri son beş ayın ən sürətli aylıq artımını göstərib. Əsas inflyasiya göstəricilərindən biri proqnozları üstələyib, istehsalçı qiymətlərində isə dörd ildən çox müddətin ən yüksək artım tempi qeydə alınıb.
Bu göstəricilər ABŞ iqtisadiyyatında inflyasiya təzyiqlərinin davam etdiyini göstərir.
FED sədri Kevin Uorş (Kevin Warsh) daha əvvəl faiz dərəcələrinin gələcək trayektoriyası ilə bağlı konkret istiqamət göstərməkdən çəkinib.
FED sədrinin müavini Filip Cefferson (Philip Jefferson) və Nyu-York Federal Ehtiyat Bankının prezidenti Con Uilyams (John Williams) da növbəti faiz artımına qərar verməzdən əvvəl iqtisadi vəziyyəti izləmək üçün vaxt olduğunu bildirmişdilər.
FED-in İdarə Heyətinin üzvü Kristofer Uoller (Christopher Waller) isə faiz artımlarının mütləq ardıcıl iclaslarda həyata keçirilməsinin vacib olmadığını qeyd etmişdi.
Qeyd edək ki, FED-in faiz qərarı ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən bir həftədən az müddət əvvəl qəbul edilib.
XXX
22:00 - ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqlayıb.
Marja.az xəbər verir ki, FED faizlərini dəyişməyərək 3,75% - 4,00% aralığında saxlayıb.
İqtisadçıların əksəriyyəti FED-in faizlərini sabit saxlayacağını gözləyirdilər.
XXX
21:47 - ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) bu gün, oktyabrın 28-də keçiriləcək iclasının yekununda uçot dərəcəsini dəyişməyəcəyi gözlənilir. İnflyasiyanın hədəfdən yüksək qalmasına baxmayaraq, maliyyə bazarları FED-in sentyabr ayında faizləri artırdıqdan sonra oktyabrda fasilə verəcəyini proqnozlaşdırır.
Marja.az xəbər verir ki, CME Group-un “FedWatch” alətinin məlumatlarına əsasən, investorlar Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün faiz dərəcəsini yenidən artırması ehtimalını 10 faizdən aşağı qiymətləndirirlər.
FED sentyabr ayında uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75–4,00 faiz intervalına yüksəldib. Bu qərar 17 sentyabr 2026-cı ildə qüvvəyə minib. Bazar iştirakçılarının gözləntiləri doğrularsa, FED-in əsas faiz dərəcəsi 3,75–4,00 faiz intervalında saxlanılacaq.
Bununla belə, ABŞ-da inflyasiyanın FED-in 2 faizlik hədəfindən yüksək olması pul-kredit siyasətinin daha da sərtləşdirilməsi ehtimalını gündəmdə saxlayır.
ABŞ-da sentyabr ayında illik inflyasiya 3,7 faiz təşkil edib. Bu göstərici avqustdakı 3,4 faizdən yüksəkdir. İnflyasiyanın sürətlənməsi FED-in qiymət sabitliyini təmin etmək məqsədilə növbəti aylarda əlavə faiz artımına getməsi ehtimalını gücləndirir.
İnvestorların diqqəti FED sədri Kevin Uorşın (Kevin Warsh) açıqlamalarına yönəlib
Faiz qərarının dəyişməz qalacağı təqdirdə əsas diqqət FED sədri Kevin Uorşın iclasdan sonra keçirəcəyi mətbuat konfransına yönələcək. İnvestorlar onun inflyasiyanın dinamikası, iqtisadi artım və gələcək faiz qərarları barədə verəcəyi siqnalları diqqətlə izləyəcəklər.
Hazırda bazarlarda FED-in oktyabr iclasında faizləri dəyişməyərək dekabr ayında yenidən artıracağı gözləntisi üstünlük təşkil edir.
Maliyyə bazarlarının qiymətləndirmələrinə əsasən, dekabrın 8–9-da keçiriləcək növbəti iclasda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılması ehtimalı yüksəkdir. Bu ssenari reallaşarsa, FED-in əsas faiz dərəcəsi 4,00–4,25 faiz intervalına yüksələcək. Bununla belə, yekun qərar inflyasiya və məşğulluq göstəricilərindən, eləcə də ABŞ iqtisadiyyatındakı vəziyyətdən asılı olacaq.
FED-in bugünkü qərarı Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq. FED sədri Kevin Uorşın mətbuat konfransı isə saat 22:30-da başlayacaq.
FED-in qərarı ABŞ dollarının məzənnəsi, dövlət istiqrazlarının gəlirliliyi, qızılın qiyməti və beynəlxalq maliyyə bazarları üçün mühüm əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
17 d. əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 33 d. əvvəl
-
35 d. əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
59 d. əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı – Yeni artımlar mümkündür
-
1 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED faiz qərarını açıqladı
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı – Yeni artımlar mümkündür
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Azərbaycanda yaşayış minimumu 14 manat artırılır
“Turan Tovuz” yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manatı Qarabağ Dirçəliş Fonduna ianə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























