Zaqatalada istehsalı başladı - 12 MİN AVROYA SATILIR
..Səhər saat 4.00 radələridir. Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisindəyik. Sübh tezdən bura gəlməyimiz heç də təsadüfi deyil.
Səfərimizin səbəbi yenidən gülçülük şöhrətini özünə qaytaran Zaqatalanın ənənəvi sahəsindən reportaj hazırlamaqdır. Axı, emal prosesinə gedən güldən keyfiyyətli yağ almaq üçün başlıca şərtlərdən biri gülün günəş qalxmamış, sübh tezdən şehli-şehli dərilməsidir.
“AzRose” MMC-nin ərazisinə daxil olarkən buradakı qələbəlik diqqətimizi çəkir. Ərazidə çoxlu sayda xidməti avtobuslar və şəxsi minik avtomobilləri var. Adamların sayı isə yüzlərcədir. Əksəriyyəti də qadınlardır.
Müəssisənin direktoru Şamil Məmmədov deyir ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən “Dəməşq qızılgülü” və “Lavanda” növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızıl gülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur.
Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün isə Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur. İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq.
Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur.
Burada istismar olunan gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 43 daimi və 600-ə yaxın mövsümi iş yeri açılıb. Layihə gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Beləliklə, əhali yığdığı gül ləçəklərini müəssisəyə təhvil verməklə əlavə gəlir əldə edəcək.
Müsahibimiz deyir ki, mayın əvvəllərindən gül dəriminə başlanıb. Mövsüm ilə bağlı ətraf kəndlərin sakinlərinə məlumat verildikdən sonra hər gün bura orta hesabla 500 işçi gəlir. Burada Tala, Suvagil,Yengiyan, Mosul, Mamrıx, Gözbarax, Lahıc, Əliabad kəndlərinin sakinləri çalışırlar. Onların qonşu kəndlərdən işə gəliş-gedişi üçün müəssisə tərəfindən 8 avtobus ayrılıb. İş prosesində bir ailədən nə qədər çox adam təmsil olunsa onların öz xeyirlərinədir. Təxminən 4 saat müddətinə - saat 9 radələrinədək işlərini görür, dərdikləri gülün həcminə uyğun olaraq pullarını alıb gedirlər. Günün digər vaxtında da planlı şəkildə başqa işlərini davam etdirə bilərlər.
Ş.Məmmədov deyir ki, cari il üçün hədəf 100 ton gül ləçəyinin toplanması və ondan 30 litr yağ almaq idi. Artıq istənilən nəticəyə nail olunub. Hazırda sahələrdə yığım davam edir.
Aqrotexniki qaydalara uyğun olaraq qızılgül əkildiyi dövrün ikinci ilində dərimə başlanır. Hazırda 2016-cı ilin payızında əklimiş 64 hektarlıq ikiillik sahədə yığım aparılır. 61 hektar sahə isə 1 illikdir və onlarda da gələn ildən dərim prosesi reallaşdırılacaq.
Qeyd edək ki, ərazidə qızılgüllə yanaşı 35 hektarda “Lavanda” gülü əkilib. Onun da dəriminə iyul ayında başlanacaq və 25 ton ləçək toplanacaq. Bundan da 500 kiloqram yağ gözlənilir. Səbəb qızılgüllə müqayisədə “Lavanda”nın yağlılığının daha çox olmasıdır. Lakin alış qiyməti qızılgüllə müqayisədə xeyli aşağıdır. Qızılgül yağının 1 litri dünya bazarında 12 min avro olduğu halda, “Lavanda” yağı 80-100 avro aralığında dəyərləndirilir.
Qeyd edək ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma məqsədləri üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub, kənd təsərrüfatı texnikaları alınıb, Türkiyədən bu sahədə təcrübəli aqronomlar dəvət edilib. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb.
Gül yığımı prosesini izlədikdən sonra emal sahəsinə keçirik. Ora daxil olarkən xüsusi qablara doldurulmuş gül yağının süzülmə prosesi icra olunmaqda idi. Öyrəndik ki, 1 kiloqram gül yağının alınması üçün təxminən 3,5 ton gül ləçəyindən istifadə olunur. Burada gül yağının alınması məqsədilə Türkiyənin “Dünder makine” şirkətinin texnologiyasından istifadə olunur. Son məhsulun satışı ilə bağlı Amerika, Almaniya, İtaliya və İngiltərə ilə danışıqlar aparılır. Onların arasından ən uyğun olanı ilə müqavilə bağlanaraq satış reallaşdırılacaq.
Bundan başqa, “AzRose” MMC eyni zamanda, ölkəyə xaricdən gül idxalının qarşısını almaq üçün də real tədbirlərə start verib. Bunun üçün Qəbələnin Vəndam qəsəbəsində istixana şəraitində güllərin yetişdirilməsi nəzərdə tutulur. Hazırda Hollandiyadan həmin əraziyə istixana avadanlıqları gətirilir. Burada ayrılmış 10 hektarlıq ərazinin 3 hektarında müxtəlif əlamətdar günlərdə insanların zövqünü oxşayacaq güllər yetişdiriləcək. Həmin güllər zamanla müxtəlif ticarət məntəqələrində satışa çıxarılacaq.
Qeyd etdiyimiz kimi, bu ildən etibarən müəssisənin məhsulları dünya bazarına çıxarılacaq. Gələcəkdə burada digər bitki növlərindən efir yağlarının da istehsalı mümkün olacaq. Beləliklə, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxacaq məhsullarımızın sayı və çeşidi xeyli artmış olacaq.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN



© “Azərbaycan”
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
-
3 saat əvvəl
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
-
4 saat əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
4 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
4 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı





















