970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ

Aqrar texnika və ehtiyat hissələri sahəsində sahibkar, "Süleymanlı Group"un təsisçisi Kamil Süleymanlı ilə müsahibə.

Aqrar texnika təchizatçısı Kamil Süleymanlı prezident müşavirəsindən çıxan mesajlardan, ehtiyat hissələrinin gömrük təsnifatı problemindən və dünyanın bu problemi necə həll etdiyindən danışır

Bu ilin mayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə aqrar sahənin 2030-cu ilə qədərki perspektivləri müzakirə olundu və yeni Dövlət Proqramı qəbul edildi. Əsas mesaj aydın idi: artıq torpaq sahələrini genişləndirmək yox, məhsuldarlığı artırmaq dövrüdür. Məhsuldarlıq isə işlək texnika deməkdir. Bəs texnikanı işlək saxlayan zəncir necə işləyir? Kənd təsərrüfatı texnikasının idxalı və satışı ƏDV-dən azaddır, traktor alan fermerə subsidiya verilir. Amma həmin traktorun podşipniki, hidravlik silindri, mufta diski sıradan çıxanda nə olur? Sektorda uzun illərin təcrübəsi olan, atasından bu işi öyrənən və bu gün Türkiyə və Çin istehsalçıları ilə birbaşa çalışan Kamil Süleymanlı ilə söhbətimiz məhz bu barədədir.

— Kamil bəy, əvvəlcə özünüzdən danışaq. Bu sahəyə necə gəldiniz?

- Mən bu işə uşaq yaşlarımdan bələdəm. Atam Belarus və köhnə sovet istehsalı traktorların ehtiyat hissələri ilə məşğul olurdu, mən də yay tətillərini onun yanında keçirirdim. Bir MTZ-nin arxa körpüsünün necə söküldüyünü, hansı hissənin nə vaxt "yorulduğunu" dərslikdən yox, sahədən öyrənmişəm.

Bu gün mən öz sifarişlərimi birbaşa istehsalçılara verirəm. Türkiyəyə də, Çinə də özüm gedirəm, nümunəni əlimdə aparıram, materialını, sərtliyini, ölçüsünü yerində razılaşdırıram. Çünki bizim fermerimizin torpağı, iş rejimi, texnikasının yaşı fərqlidir — kataloqdan sifariş verməklə düzgün hissə almaq mümkün deyil. Eyni prinsiplə təsərrüfat ipini də öz markamız altında istehsal etdiririk.

— Bu ilin mayında Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Sizin sahəniz üçün oradan hansı mesaj çıxdı?

- O müşavirə mənim üçün son illərin ən əhəmiyyətli sənədi oldu və açığı, bir neçə dəfə oxudum. Bir neçə rəqəm var ki, bizim söhbətimizin bütün məğzini izah edir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun təqdimatında qeyd olundu ki, 2025-ci ildə kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil edib, qeyri-neft ÜDM-ində isə payı 8-10 faizdir. Kənd yerlərində yaşayan əhalinin təxminən yarısı bu sahədə çalışsa da, son illərdə sektorda orta illik artım cəmi 1 faizə yaxın olub.

İndi diqqət edin: əhalinin yarısı işləyir, artım isə 1 faiz. Bu rəqəm bir şey deyir — məsələ artıq nə qədər əkdiyimizdə deyil, necə əkdiyimizdədir. Nazirin öz ifadəsi ilə desək, "torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır".

Bax bu cümlə mənim sahəmin manifestidir. Çünki torpağı genişləndirməklə yox, məhsuldarlıqla artım əldə etmək birbaşa texnika deməkdir. Vaxtında əkin, vaxtında sulama, vaxtında biçin. Bunların hamısı bir şərtə bağlıdır: traktor həmin gün işləməlidir.

— Yəni məhsuldarlıq məsələsi ilə ehtiyat hissəsi məsələsini birləşdirirsiniz?

-Onlar eyni məsələdir, sadəcə fərqli adlarla danışılır. Sizə real bir mənzərə deyim. Payızlıq əkin dövrüdür, torpaq nəmliyi tam yerindədir, aqronomik pəncərə cəmi 8-10 gündür. Fermerin traktorunun yağ nasosu sıradan çıxır. O hissə anbarda varsa — bir gün itirir. Yoxdursa və sifariş verilməlidirsə — iki həftə itirir. İki həftə itirəndə isə o, o ili itirir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Statistikada bu, "məhsuldarlığın aşağı olması" kimi görünür. Reallıqda isə bu, təchizat zəncirinin qırılmasıdır.

Bir də bunu əlavə edim: Azərbaycanın kənd təsərrüfatı istehsalı, ərzaq təhlükəsizliyi və aqrar dəyər zəncirinin fəaliyyəti faktiki olaraq 100 faiz özəl sektorun hesabına təmin olunur. Bu, çox mühüm bir faktdır. Deməli, dövlətin qoyduğu hər bir alət — subsidiya olsun, güzəşt olsun, proqram olsun — yalnız və yalnız sahibkarın üzərindən keçərək fermerə çatır. Zəncirin ortasında bir yerdə tıxac varsa, ən yaxşı niyyət də son ünvana çatmır.

Ona görə də mən Cənab Prezidentin həmin müşavirədə investorlara və sahibkarlara ünvanladığı çağırışı sadəcə bir dəvət kimi görmürəm. Onu məsuliyyət kimi görürəm. Əgər dövlət deyirsə ki, "bu sahə özəl sektorun çiynindədir" — onda biz də öz sahəmizin problemlərini gətirib masaya qoymalıyıq. Susub gözləmək bizim işimiz deyil.

— Müşavirədə urbanizasiya məsələsi də qaldırıldı...

- Bəli, və bu, çox səmimi bir etiraf idi. Cənab Prezident kənd təsərrüfatının inkişafına mane olan iki amilə — dünyada gedən proseslərə, münaqişə və müharibələrə, bir də urbanizasiyaya toxundu, hətta şəhərdən kəndə köçməklə bağlı çağırış etdi.

Mən buna bir təchizatçı kimi baxıram. İnsan kənddə niyə qalır? Orada iş və gəlir varsa. Aqrar sahədə gəlirin sabitliyi isə birbaşa texnikanın işlək olmasından asılıdır.

Amma daha bir incə məqam var. Kəndlərdə ehtiyat hissəsi satan mağaza, servis nöqtəsi, usta emalatxanası — bunların hər biri kənd yerində yaradılan qeyri-kənd təsərrüfatı iş yeridir. Bir rayonda düzgün qurulmuş bir texniki servis mərkəzi 5-10 nəfərə daimi iş verir və bu adamlar şəhərə getmir. Yəni bizim sahə urbanizasiyaya qarşı sakit, amma real bir sipərdir. Bu, adətən heç kimin danışmadığı bir tərəfdir.

— 2026-2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı da qəbul olundu. Bundan gözləntiniz nədir?

- Gözləntim odur ki, proqramın icrası zamanı texniki servis və ehtiyat hissəsi infrastrukturu ayrıca bir istiqamət kimi görünsün.

İzah edim ki, niyə bunu xüsusi vurğulayıram. Aqrar proqramlar dünyanın hər yerində eyni cazibəyə düşür — texnika alışına fokuslanır, çünki onu ölçmək asandır: "bu qədər traktor alındı". Amma texnikanın alınması bir dəfəlik hadisədir, saxlanması isə 15-20 illik prosesdir. Əgər ikinci hissə planlaşdırılmırsa, birinci hissəyə qoyulan pul beş ildən sonra sahədə dayanmış dəmir yığınına çevrilir. Bunu region ölkələrində dəfələrlə görmüşük.

Rəqəmsallaşma və innovasiya da müşavirənin əsas mövzularından biri idi. Burada bizim sahə üçün konkret bir təklifim var: ehtiyat hissələrinin vahid elektron kataloqu və izlənilməsi. Yəni hər detalın XİFMN kodu, orijinal nömrəsi, uyğun gəldiyi texnika modeli və mənşəyi vahid bazada olsun. Bu, bir daşla üç quş vurar — gömrükdə təsnifat mübahisəsi azalar, saxta və keyfiyyətsiz məhsul bazardan sıxışdırılar, fermer isə aldığı hissənin nə olduğunu bilər. Texnoloji olaraq bu, çətin iş deyil. Sadəcə sahibkarlarla dövlət qurumlarının bir masa arxasına oturmasını tələb edir.

"Dövlət makro səviyyədə düzgün istiqaməti göstərib. Bizim işimiz — o istiqamətin mikro səviyyədə, bir podşipnik səviyyəsində də işlədiyinə əmin olmaqdır."

— Bərpa olunan ərazilərdə aqrar fəaliyyət də genişlənir...

- Bu, mənim ən çox həyəcanlandığım istiqamətdir. Qarabağ və Şərqi Zəngəzurda torpaqlar yenidən əkinə qayıdır və orada sıfırdan qurulan bir aqrar sistem formalaşır.

Sıfırdan qurmaq həm çətinlik, həm də nadir bir imkandır. Çətinlikdir, çünki orada hələ ənənəvi təchizat və servis şəbəkəsi yoxdur — texnika var, amma onu saxlayacaq infrastruktur formalaşma mərhələsindədir. İmkandır, çünki orada işi əvvəldən düzgün qurmaq şansı var. Köhnə bölgələrdə biz onilliklərin vərdişləri ilə mübarizə aparırıq; orada isə boş səhifə var.

Mənim praktik təklifim budur: bərpa olunan ərazilərdə aqrar texnika üçün regional texniki servis və ehtiyat hissəsi mərkəzləri modeli əvvəlcədən layihələndirilsin. Fermer 200 kilometr yol gedib podşipnik axtarmasın. Bu, həm də həmin ərazilərə qayıdan insanlar üçün ixtisaslı iş yeri deməkdir.

"Problem qiymət deyil. Çeşid də deyil. Problem təsnifatdır."

— Sektorun bugünkü ən böyük problemi nədir?

- Qiymət deyil. Çeşid də deyil. Təsnifatdır. Bunu izah edim. Dövlətin aqrar sahəyə münasibəti göz qabağındadır — traktor idxalı və satışı ƏDV-dən azaddır, texnika alışına subsidiya var, lizinq mexanizmi işləyir. Nazirlər Kabinetinin 430 nömrəli Qərarı ilə ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikası və onların ehtiyat hissələrinin siyahısı təsdiqlənib. Yəni niyyət tamamilə aydındır: fermerin texnika xərci yüngülləşdirilməlidir. Amma praktikada belə olur: mən Çindən MTZ-82 üçün hidravlik nasos gətirirəm. Bu nasos gömrükdə hansı kod altında bəyan olunmalıdır? Əgər o, "kənd təsərrüfatı texnikasının ehtiyat hissəsi" kimi tanınırsa — ƏDV yoxdur. Yox, əgər "ümumi təyinatlı hidravlik nasos" kimi təsnif olunursa — tam yük gəlir üstünə.

İş elanları AzVak.az-da

— O yük konkret nə qədərdir?

- Adamlar deyir "36 faiz", amma bu rəqəmin necə yarandığını çoxu bilmir. İzah edim, çünki burada texniki bir incəlik var. Siyahıya düşməyən mala ümumi qayda olaraq gömrük dəyərinin 15 faizi həcmində idxal rüsumu tətbiq olunur. Sonra ƏDV gəlir. Amma ƏDV yalnız malın dəyərinə yox, malın dəyəri üstəgəl ödənilmiş rüsumun cəminə hesablanır. Yəni:

Malın gömrük dəyəri: 100 manat

Rüsum (15%): 15 manat

ƏDV bazası: 115 manat

ƏDV (18%): 20,7 manat

Cəmi yük: 35,7 manat — üstəlik rəsmiləşdirmə yığımı

Budur o "36 faiz". Bu, iki verginin sadə cəmi deyil, birinin digərinin üstünə minməsidir. Və bu fərq son nöqtədə həmişə eyni adamın cibindən çıxır — fermerin.

"Bu, iki verginin sadə cəmi deyil — birinin digərinin üstünə minməsidir. Və bu fərq son nöqtədə həmişə eyni adamın cibindən çıxır."

— Yəni siyahı var, amma siyahı kifayət etmir?

- Dəqiq belədir. Və mən burada çox vacib bir şey demək istəyirəm: bu, kiməsə irad tutmaq üçün deyil. Siyahının özü böyük irəliləyiş idi, ondan əvvəl vəziyyət daha qarışıq idi. Siyahı ardıcıl olaraq genişləndirilir də.

Problem bundadır ki, siyahı prinsipi ilə ehtiyat hissəsi reallığı bir-birinə tam uyğun gəlmir. Bir traktorda minlərlə detal var və onların böyük hissəsi "universal" detallardır. Podşipnik podşipnikdir — o, traktorda da işlədilir, dəyirmanda da, konveyerdə də. Sən onun üzərinə baxıb "bu, kənd təsərrüfatı hissəsidir" deyə bilmirsən. Gömrük əməkdaşı da bunu bilmir, bilə də bilməz — o, mühəndis deyil.

Nəticədə eyni mal bir gömrük məntəqəsində bir cür, digərində başqa cür təsnif oluna bilir. Bu isə sahibkar üçün ən pis şeydir: proqnozlaşdırıla bilməzlik. Mən müqavilə bağlayarkən maya dəyərimi bilməliyəm. Bilmirəmsə, riski qiymətə yazıram. Riski qiymətə yazanda isə fermer ödəyir.

"Podşipnik podşipnikdir. Sən onun üzərinə baxıb «bu, kənd təsərrüfatı hissəsidir» deyə bilmirsən. Gömrük əməkdaşı da bilə bilməz — o, mühəndis deyil."

— Bu, yalnız Azərbaycana xas problemdir?

- Xeyr, və bunu xüsusi vurğulamaq istəyirəm. Bu, qlobal təsnifat problemidir.

Türkiyəyə baxaq. Orada da kənd təsərrüfatı maşınlarına güzəştli ƏDV dərəcəsi tətbiq olunur. Amma bir şirkət vergi orqanına müraciət edib soruşub: "Mənim istehsal etdiyim biçin maşınının podşipniki, kasnağı, flanşı hansı dərəcə ilə vergiləndirilməlidir?" Rəsmi cavab belə olub: bu detallar yalnız və yalnız həmin kənd təsərrüfatı maşınında istifadə oluna bilən xarakterdə olmadığı üçün güzəştli siyahıya daxil sayıla bilməz və ümumi dərəcə ilə vergilənir.

Yəni Türkiyədə də eyni divar var. Fərq ondadır ki, orada bu suala rəsmi, yazılı, əvvəlcədən cavab almaq mexanizmi işləyir — sahibkar malı gətirməzdən əvvəl "özelge" alır və maya dəyərini dəqiq bilir. Bizdə də bu alət qanunvericilikdə var, sadəcə praktikada demək olar ki, istifadə olunmur. Bir azdan ona qayıdacağam.

— Bəs Avropa bu problemi necə həll edib?

- Avropa İttifaqı ən maraqlı həlli tapıb və bu, mənim fikrimcə bizim üçün də ən uyğun modeldir. Ona "son istifadə proseduru" deyilir (end-use procedure, Gömrük Məcəlləsinin 254-cü maddəsi).

Məntiq belədir: malın nə olduğuna görə yox, harada istifadə olunacağına görə güzəşt verilir. Rəsmi tərifi ilə desək — mal, konkret təyinatına görə gömrük rüsumundan azad və ya aşağı dərəcə ilə sərbəst dövriyyəyə buraxıla bilər.

Praktikada bu belə işləyir: siz icazə alırsınız, malı gətirirsiniz, malın həqiqətən aqrar texnikaya getdiyini uçotunuzla sübut edirsiniz — güzəşt qalır. Sübut edə bilmirsinizsə, fərqi geri ödəyirsiniz. Yəni nəzarət sərhəddən şirkətin uçot sisteminə keçir. Sərhəddə mübahisə etmirsən, sonradan hesabat verirsən.

Bu yanaşmanın gözəlliyi nədədir? "Podşipnik traktor hissəsidirmi?" sualını cavablamağa ehtiyac qalmır. Sual dəyişir: "Bu podşipnik traktora getdimi?" Bu isə cavablana bilən, sənədləşdirilə bilən sualdır.

"Malın nə olduğuna görə yox, harada istifadə olunacağına görə güzəşt verilir. Nəzarət sərhəddən şirkətin uçot sisteminə keçir."

— Azərbaycanda buna oxşar hansı imkanlar var?

- Ən vacib məqam budur: çox şey artıq qanunvericiliyimizdə mövcuddur. Yeni qanun tələb etmirik. Birincisi, Gömrük Məcəlləsinin 50-ci maddəsi "məcburi qərarlar" institutunu nəzərdə tutur — şəxs konkret mallarla bağlı təsnifat, gömrük dəyəri, mənşə ölkəsi və ödəniş məbləği baxımından məcburi qüvvəyə malik qərar ala bilər. Yəni malı gətirməzdən əvvəl "bu mal bu koddadır" deyən rəsmi sənəd almaq hüququn var. Sektorumuzda bu alətdən istifadə edən sahibkarların sayı barmaqla sayılacaq qədərdir. Günahın bir hissəsi bizdədir — bilmirik, öyrənmirik, "necəsə keçərik" deyirik.

İkincisi, Səlahiyyətli İqtisadi Operator statusu var (Məcəllənin 31-32-ci maddələri) — gömrük nəzarətinin sadələşdirilmiş formalarından istifadə imkanı verən status. Bu, Avropadakı AEO-nun eynidir və "son istifadə" modelinin infrastruktur bazasıdır.

Yəni alətlər var. Çatışmayan şey — bu alətlərlə aqrar ehtiyat hissələri sektorunun spesifikasını birləşdirən sistemli yanaşmadır.

— Konkret olaraq nə təklif edirsiniz?

- Beş addım.

Birinci — siyahının "hissə" məntiqi ilə yenidən oxunması. 430 nömrəli Qərarın əlavəsi bu gün əsasən texnika və aqreqat səviyyəsindədir. Ehtiyat hissələri isə detal səviyyəsində yaşayır. Sahə mütəxəssisləri ilə birlikdə ən çox idxal olunan 300-500 mövqe üzrə inventarizasiya aparılıb siyahının bu səviyyəyə endirilməsi lazımdır. Bunu kabinetdə oturub etmək mümkün deyil — bunun üçün sahədən adam lazımdır və biz bu işə hazırıq.

İkinci — "son istifadə" prinsipinin pilot tətbiqi. Universal detallar üçün siyahı heç vaxt tam olmayacaq, bu, riyazi olaraq mümkünsüzdür. Ona görə də ən azı bir neçə əsas qrup üzrə (podşipnik, kipləşdirici, hidravlik elementlər) təyinat əsaslı güzəşt pilot qaydada sınaqdan keçirilməlidir.

Üçüncü — məcburi qərarlar praktikasının canlandırılması. Sahibkar üçün sadə, izahlı, nümunəli bir bələdçi hazırlansın: "Malını gətirməzdən əvvəl kodunu necə təsdiqlədirirsən." Bu, dövlətə bir manat da xərc deyil, amma yüzlərlə mübahisəni qabaqcadan həll edər.

Dördüncü — sertifikatlaşdırılmış təchizatçı statusu. Rəsmi işləyən, uçotu şəffaf olan, təyinatı sübut edə bilən şirkətlərə sadələşdirilmiş rejim verilsin. Bu, həm də bazarı təmizləyər — bu gün qaydalara riayət edən şirkət, etməyənlə eyni bazarda rəqabət aparır və bu, ədalətli deyil.

Beşinci — sektorun öz səsi. Bizim sahədə fəaliyyət göstərən yüzlərlə şirkət var, amma vahid platformamız yoxdur. Hərə öz problemini ayrı-ayrı qapılarda danışır. Halbuki dövlət qurumları ilə işləməyin ən effektiv yolu — mütəşəkkil, rəqəmlə danışan, təklif gətirən assosiasiyadır. Mən bu istiqamətdə iş aparıram və həmkarlarımı birləşməyə dəvət edirəm.

— Bunun fermerə real təsiri nə olacaq?

- Sadə hesab. Orta bir MTZ traktorunun illik ehtiyat hissəsi xərci 1500-2500 manat aralığındadır. Bu xərcin üzərindəki artıq yükü 30 faiz azaltsanız, fermerin cibində ildə 400-700 manat qalır. Ölkə üzrə on minlərlə texnika ilə vurun.

Amma məsələ təkcə pul deyil. Hissə bahalaşanda fermer nə edir? Ucuz, keyfiyyətsiz hissə alır. Ya da bazarda "ikinci əl" adı altında satılan bilinməyən mənşəli detala razılaşır. Nəticədə traktor daha tez xarab olur, sahədə qalır, biçin gecikir. Yəni bir podşipnikin qiymətindən başlayan zəncir məhsuldarlığa qədər gedir.

Ehtiyat hissəsi bazarı aqrar sektorun ən az danışılan, amma ən kritik həlqəsidir. Traktor alanda hamı sevinir; iki il sonra o traktoru işlək saxlayan zəncirdən isə heç kim danışmır.

"Traktor alanda hamı sevinir; iki il sonra o traktoru işlək saxlayan zəncirdən isə heç kim danışmır."

— Uzunmüddətli hədəfiniz nədir?

- Mən bu işi ticarətdən yığıma çevirmək istəyirəm. Yəni sadəcə gətirib satmaq yox — Azərbaycan markası altında keyfiyyət standartı qoymaq, sonra isə bəzi mövqelərdə yerli montaj və istehsala keçmək. Regionda Belarus və köhnə sovet texnika parkı böyükdür — Gürcüstan, Özbəkistan, Qazaxıstan. Bizim bu bazarlara çıxmaq imkanımız real olaraq var.

Amma bunun bir şərti var: sən öz ölkəndə proqnozlaşdırıla bilən maya dəyəri ilə işləyə bilmirsənsə, ixracda rəqabət apara bilməzsən. Ona görə də təsnifat məsələsi mənim üçün gündəlik bir gömrük problemi yox, strateji bir sualdır.

— Son olaraq nə demək istərdiniz?

- Onu ki, biz burada dövlətdən nəsə istəmirik. İstədiyimiz güzəşt deyil — istədiyimiz aydınlıqdır. Sahibkar üçün ən ağır vergi, məbləği yüksək olan vergi deyil; qabaqcadan hesablaya bilmədiyi vergidir.

Dövlətin aqrar sahəyə göstərdiyi diqqət bu ölkədə heç kimin şübhə etmədiyi bir faktdır. Bizim vəzifəmiz — o diqqətin son həlqəyə, fermerin əlindəki açar və podşipnik səviyyəsinə qədər çatmasına texniki olaraq kömək etməkdir. Bunun üçün lazım olan bilik sahədədir. Sadəcə masaya gətirilməlidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Kamil Süleymanlı Süleymanlı Group aqrar texnika kənd təsərrüfatı texnikası traktor traktor ehtiyat hissələri kənd təsərrüfatı ehtiyat hissələri aqrar sektor kənd təsərrüfatı fermerlər fermer xərcləri aqrar məhsuldarlıq məhsuldarlığın artırılması aqrar texnikanın idxalı ehtiyat hissələrinin idxalı aqrar texnika bazarı ehtiyat hissələri bazarı gömrük rüsumu gömrük təsnifatı XİFMN kodu ƏDV ƏDV güzəşti kənd təsərrüfatında ƏDV güzəşti
13.08.2026 18:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19