bp Azərbaycan üzrə 2 iri müqavilənin imzalandığını elan etdi - 50 MİLYON FUNT STERLİNQ
Şahdəniz Kompressiya və Səngəçal Terminalının Elektrikləşdirilməsi layihələri üçün mühəndis-layihələndirmə və təchizat müqavilələri imzalandı
bp Şahdəniz qaz və kondensat yatağının işlənməsi layihəsinin və Səngəçal terminalının operatoru kimi mühəndis-layihələndirmə işləri üzrə iki iri müqavilənin imzalandığını elan edib.
Marja.az bp-yə istinaən xəbər verir ki, müfəssəl mühəndis-layihələndirmə və təchizat xidmətlərini əhatə edən bu müqavilələr SOCAR-KBR birgə müəssisəsinə verilib. Bu podratçı müqavilələri Şahdəniz Kompressiya (ŞDK) və Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihələrinin icrası üçün mühüm bir mərhələdir.
bp-nin yaydığı məlumatda bildirilir ki, bu podratçı müqavilələri həmçinin 3 iyun 2025-ci il tarixində Bakı Enerji Həftəsi zamanı Yekun İnvestisiya Qərarı (YİQ) elan olunmuş hər iki layihənin icra mərhələsinə keçidinə doğru mühüm bir irəliləyişdir.
bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham: “ŞDK və STEL layihələrinin irəliləyişində bu mühüm mərhələnin əldə olunduğunu bölüşməkdən çox məmnunam. İyun ayının əvvəllərində qəbul edilmiş YİQ-lərin ardınca biz podratçı seçimi mərhələsini uğurla tamamladıq və SOCAR-KBR birgə müəssisəsi ilə iki əsas podratçı müqaviləsi imzaladıq. SOCAR-KBR şirkətinin Xəzər regionunda oxşar layihələrdə təsdiqlənmiş təcrübəsi, o cümlədən ŞDK layihəsi üzrə əvvəlki işləri uğurla yerinə yetirməsi bu seçimdə həlledici amil olmuşdur.
Bu nailiyyətin əldə olunmasında əməyi və zəhməti keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, davamlı əməkdaşlığımız nəticəsində hər iki layihə təhlükəsiz, rəqabətqabiliyyətli və qrafikə uyğun şəkildə həyata keçiriləcək.”
ŞDK layihəsi üzrə verilmiş müqavilə 43 milyon funt sterlinq dəyərindədir və 1 iyul 2025-ci il tarixində qüvvəyə minib. Bu müqavilə çərçivəsində işlərin 2026-cı ildə başa çatacağı planlaşdırılır.
İş həcminə aşağıdakı qurğuların tikintisi üzrə mühəndis-layihələndirmə və təchizat dəstəyi, o cümlədən quraşdırmaya hazırlıq, istismara vermə və əməliyyat hazırlığı daxildir:
- ŞDK platforması üçün üst tikililər;
- ŞDK platforması üçün dayaq bloku və payalar;
- Quruda və dənizdə yerləşən mövcud qurğular (Şahdəniz Alfa, Şahdəniz Bravo və Səngəçal Terminalı);
- Sualtı sistemlə inteqrasiyanı təmin etmək üçün sistemin layihələndirilməsi üzrə mühəndislik işləri.
STEL layihəsi üzrə verilmiş müqavilə 7 milyon funt sterlinq dəyərindədir və 1 iyul 2025-ci il tarixində qüvvəyə minib. Bu müqavilə çərçivəsində işlərin 2028-ci ildə başa çatacağı planlaşdırılır.
Müqavilə elektrik şəbəkəsindən enerjinin ötürülməsi və fasiləsiz enerji təminatı üçün qoruma mexanizmini təmin etmək məqsədilə Səngəçal terminalı ərazisində bir sıra yeni avadanlıqlar və mövcud obyektlərdə aparılacaq dəyişikliklər üçün mühəndis-layihələndirmə və təchizat üzrə dəstək xidmətlərini əhatə edir.
Qeyd edək ki, 2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd Şahdəniz yatağındakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olunmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm Şahdəniz Alfa (ŞDA), həm də Şahdəniz Bravo (ŞDB) platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. Tikinti işləri ölkə daxilində yerli resurslardan istifadə etməklə həyata keçiriləcək və 4000-ə qədər iş yeri yaradacaq.
STEL layihəsi terminalın dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə və bp-nin Azərbaycanda idarə etdiyi ən böyük obyekt olan terminalın əməliyyatlarlarından yaranan emissiyaların azaldılmasına imkan verəcək.
230 milyon dollar dəyərində olan STEL layihəsi üzrə tikinti işləri artıq başlanıb və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
2 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
3 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
7 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
7 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
7 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
