“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
Daxili Nəzarət və Komplayns Departamentinin Direktoru Rauf Qarayev ilə komplayensin dəyişən rolu, risk mədəniyyəti və müasir bankçılığın çağırışları haqqında müsahibə. AFB Bankın direktoru bank sektorunu gözləyən yeni risklərdən danışıb. Rauf Qarayev: “Texnologiya insanın peşəkar mühakiməsini əvəz etmir”. AFB Bank komplayens sistemini yeniləyir – Yeni siyasət və prosedurlar hazırlanıb.Bank sektorunda rəqəmsallaşmanın sürətlənməsi, maliyyə xidmətlərinin şaxələnməsi və tənzimləyici tələblərin inkişafı bankların idarəetmə sistemləri qarşısında yeni vəzifələr qoyur. Bu şəraitdə komplayens artıq yalnız qanunvericiliyə uyğunluğun təmin edilməsi ilə məhdudlaşmır. O, risklərin qabaqlanmasında, korporativ mədəniyyətin formalaşmasında və müştəri etimadının qorunmasında mühüm rol oynayır.
Müasir bankçılıqda komplayensin əhəmiyyəti, daxili nəzarətin dəyişən rolu və gələcək inkişaf istiqamətləri barədə AFB Bankın Daxili Nəzarət və Komplayens Departamentinin direktoru Rauf Qarayevlə söhbət etdik.
- Son illərdə bank sektorunda komplayens anlayışının əhəmiyyəti əhəmiyyətli dərəcədə artıb. Sizcə, bu tendensiyanın əsas səbəbləri nələrdir?
- İlk növbədə, qeyd etmək istərdim ki, müasir bankçılıqda etimad ən mühüm dəyərlərdən biridir. Bankın uğuru yalnız təqdim etdiyi məhsulların çeşidi, maliyyə göstəriciləri və ya xidmətlərinin əlçatanlığı ilə ölçülmür. Onun etibarlılığı, şəffaflığı və məsuliyyətli idarəetmə prinsiplərinə sadiqliyi də eyni dərəcədə əhəmiyyət daşıyır.
Komplayensin artan rolu məhz bu amillərlə bağlıdır. Maliyyə bazarlarının mürəkkəbləşməsi, rəqəmsal texnologiyaların inkişafı, beynəlxalq standartların və tənzimləyici gözləntilərin dəyişməsi banklardan daha sistemli yanaşma tələb edir. Komplayens yalnız normativ tələblərə riayət olunmasına nəzarət etmir. O, etik davranışın təşviqinə, müştəri maraqlarının qorunmasına, maliyyə cinayətləri ilə mübarizəyə və reputasiya risklərinin idarə edilməsinə də töhfə verir.
AFB Bankın inkişaf strategiyasında müştəriyönümlü artım və rəqəmsal transformasiya mühüm yer tutur. Biz hesab edirik ki, fəaliyyət genişləndikcə nəzarət mexanizmləri də paralel inkişaf etməlidir. Çünki uzunmüddətli etimad yalnız verilən vədlərdən deyil, gündəlik fəaliyyətin arxasında dayanan idarəetmə prinsiplərindən yaranır.
- Komplayens ənənəvi olaraq nəzarət və məhdudiyyətlərlə əlaqələndirilir. Müasir bankçılıqda onun strateji rolu necə dəyişir?
- Hesab edirəm ki, müasir komplayens yanaşmasının əsas fərqləndirici xüsusiyyəti onun yalnız baş vermiş uyğunsuzluqları aşkar etməyə deyil, potensial riskləri əvvəlcədən müəyyənləşdirməyə istiqamətlənməsidir.
Ənənəvi yanaşmada komplayens bəzən biznes qərarlarının qəbulundan sonra həmin qərarların müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayan funksiya kimi qəbul edilirdi. Halbuki effektiv idarəetmə modelində komplayensin qərarvermə prosesinin erkən mərhələlərindən iştirak etməsi daha böyük dəyər yaradır.
AFB Bankda yeni məhsulların yaradılması və qiymətləndirilməsi üzrə yanaşmanın təkmilləşdirilməsi bu baxımdan əhəmiyyətlidir. Məhsulun istifadəyə verilməsindən əvvəl tənzimləyici tələblərin, müştəri maraqlarının və mümkün risklərin nəzərə alınması sonradan yarana biləcək çətinliklərin qarşısını almağa kömək edir. Bu, nəzarətin biznesin inkişafından kənarda deyil, onunla qarşılıqlı əlaqədə qurulması deməkdir.
Komplayensin vəzifəsini yalnız qadağalarla məhdudlaşdırmaq doğru olmazdı. Qanunvericiliyin və Bankın qəbul etdiyi risk çərçivəsinin daxilində təhlükəsiz, praktik həllərin tapılmasına dəstək vermək də vacibdir. Əlbəttə, bu, normativ tələblərdən güzəştə getmək anlamına gəlmir. Komplayensin müstəqilliyi və prinsipiallığı qorunmaqla biznesə məsləhət verməsi müasir idarəetmənin mühüm hissəsidir.
- Güclü komplayens mədəniyyəti bankın dayanıqlılığına və müştəri etimadına necə təsir göstərir?
- Komplayens mədəniyyəti dedikdə yalnız daxili qaydaların və prosedurların mövcudluğunu nəzərdə tutmuruq. Əsas məsələ həmin prinsiplərin təşkilatın gündəlik fəaliyyətində və əməkdaşların qərarlarında necə əks olunmasıdır. Bankın ən mükəmməl qaydaları belə, əməkdaşlar onları yalnız formal tələb kimi qəbul edirlərsə, gözlənilən nəticəni verməyə bilər.
AFB Bankın korporativ dəyərləri arasında “Tam sahiblənmə”, “Şəffaflıq” və “Müştəriyönümlülük” bizim fəaliyyətimizlə xüsusilə yaxından uzlaşır. Tam sahiblənmə prinsipini hər bir proses sahibinin öz qərarlarına və nəzarət mexanizmlərinə məsuliyyətlə yanaşmasında görürük. Risklərin idarə edilməsi yalnız nəzarət departamentinin üzərinə düşə bilməz.
Şəffaflıq isə mümkün problemlərin vaxtında bildirilməsini, obyektiv qiymətləndirilməsini və aidiyyəti üzrə çatdırılmasını tələb edir.Bu baxımdan mümkün pozuntular barədə məlumatvermə mexanizminin, yəni whistleblowing prosesinin tətbiq olunmasını da qeyd etmək istərdim.
Müştəriyönümlülük isə nəzarət qərarlarında təhlükəsizliyə və ədalətli münasibətə diqqət yetirilməsində özünü göstərir. Sağlam komplayens mədəniyyəti formalaşdıqda bu yanaşmalar ayrıca tələbdən gündəlik davranış standartına çevrilir.
- Rəqəmsal bankçılığın inkişafı komplayens və daxili nəzarət qarşısında hansı yeni çağırışlar yaradır?
- Rəqəmsal transformasiya bankçılığa mühüm imkanlar qazandırır. Müştərilər bir çox xidmətlərdən daha sürətli və rahat istifadə edə bilirlər. Lakin texnoloji imkanların genişlənməsi risklərin xarakterini də dəyişir. Rəqəmsal dələduzluq, məsafədən identifikasiya, məlumatların qorunması və əməliyyatların təhlükəsizliyi getdikcə daha çox diqqət tələb edir.
Bu şəraitdə yalnız hadisədən sonra aparılan yoxlamalara əsaslanmaq kifayət etmir. Risklərin erkən müəyyənləşdirilməsi, əməliyyatların təhlili və vaxtında reaksiya verilməsi xüsusi əhəmiyyət daşıyır. AFB Bankda daxili nəzarətin əhatə dairəsini genişləndirməyimiz və dələduzluq əlamətləri ilə bağlı araşdırma yanaşmalarını təkmilləşdirməyimiz də bu ehtiyacdan irəli gəlir.
Bununla yanaşı, təhlükəsizlik tədbirləri müştəri təcrübəsini əsassız şəkildə çətinləşdirməməlidir. Nəzarətin effektivliyi ilə xidmət rahatlığı arasında düzgün balansı qorumağa çalışırıq. Gələcəkdə monitorinq imkanlarının və proseslərin avtomatlaşdırılmasının inkişafı risklərə daha çevik reaksiya vermək baxımından mühüm rol oynayacaq.
- AFB Bankda daxili nəzarət və komplayens funksiyasının fəaliyyətində hansı idarəetmə prinsiplərinə üstünlük verirsiniz?
- Mənim üçün əsas prinsip daxili nəzarət və komplayensin Bankın ümumi idarəetmə sisteminin ayrılmaz hissəsi kimi fəaliyyət göstərməsidir. Bu yanaşmanın mərkəzində risk əsaslı düşüncə dayanır. Bütün riskləri eyni səviyyədə qiymətləndirmək və bütün proseslərə eyni intensivlikdə nəzarət tətbiq etmək səmərəli deyil. Daha əhəmiyyətli risklərin vaxtında müəyyənləşdirilməsi və nəzarət resurslarının düzgün istiqamətləndirilməsi vacibdir.
Son dövrdə bu məqsədlə komplayensin institusional əsaslarını gücləndirən işlər görmüşük. Yeni Komplayens Siyasəti hazırlanıb, departamentin fəaliyyətini tənzimləyən sənədlər və bir sıra daxili prosedurlar yenilənib. ƏL/TMM sahəsində şübhəli əməliyyatların aşkarlanması və təhlili, müştərilərin risk kateqoriyalarına bölünməsi və institusional risk qiymətləndirilməsi üzrə yanaşmalar təkmilləşdirilib. Bu işlərin mühüm istiqamətlərindən biri də müştəri uyğunluğu tədbirlərinin effektivliyinin artırılmasıdır. Müştərinin fəaliyyətinin və əməliyyatlarının mahiyyətinin düzgün anlaşılması risklərin daha dəqiq qiymətləndirilməsinə və şübhəli halların vaxtında müəyyən edilməsinə imkan verir.
Bu dəyişikliklərə yalnız ayrı-ayrı qaydaların yenilənməsi kimi baxmırıq. Məqsəd risklərin qiymətləndirilməsi, məsuliyyət bölgüsü və nəzarət tədbirləri arasında daha ardıcıl əlaqə yaratmaqdır. Biznes bölmələri ilə konstruktiv əməkdaşlığı vacib sayırıq. Eyni zamanda, nəzarət funksiyasının obyektivliyi və müstəqilliyi qorunmalıdır. Effektiv idarəetmə üçün hər iki şərt eyni dərəcədə əhəmiyyətlidir.
- Gələcəkdə komplayens funksiyasının inkişafını necə görürsünüz? Bank sektorunda hansı istiqamətlər daha çox ön plana çıxacaq?
Düşünürəm ki, qarşıdakı dövrdə komplayensin inkişafını texnologiyaların daha geniş tətbiqi, risklərin daha erkən mərhələdə müəyyənləşdirilməsi və strateji qərarvermədə rolunun artması müəyyən edəcək. Süni intellketin tətbiqi ilə məlumat analitikası və avtomatlaşdırma böyük həcmdə əməliyyatların təhlilini, mümkün uyğunsuzluqların vaxtında aşkarlanmasını və nəzarət tədbirlərinin izlənməsini daha səmərəli edə bilər. Bununla belə, texnologiya insanın peşəkar mühakiməsini və məsuliyyətini əvəz etmir.
AFB Bankda növbəti mərhələnin prioritetləri arasında nəzarətin əhatə dairəsinin genişləndirilməsi, risk əsaslı yanaşmanın dərinləşdirilməsi, dələduzluq risklərinin erkən aşkarlanması və proseslərin avtomatlaşdırılması yer tutur. ƏL/TMM sahəsində müstəqil kənar qiymətləndirmə də nəzərdən keçirdiyimiz istiqamətlərdəndir. Biz bu təşəbbüslərə daha çox formal yoxlama aparmaq vasitəsi kimi deyil, Bankın riskləri vaxtında görməsi və qərarların keyfiyyətinin yüksəldilməsi imkanı kimi baxırıq.
İnanıram ki, gələcəkdə uğurlu bankları fərqləndirən mühüm amillərdən biri onların yalnız nə qədər sürətlə inkişaf etməsi deyil, bu inkişafı nə dərəcədə məsuliyyətli və dayanıqlı şəkildə idarə edə bilməsi olacaq. Komplayens və daxili nəzarətin strateji dəyəri də məhz burada özünü göstərir.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda tikinti xərcləri 13,5% artıb – Mənzil tikintisinin maya dəyəri yüksəlir
-
2 saat əvvəl
Noyabrın 24-də gözlənilən hava şəraiti - 20° isti gözlənilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
İtaliya SOCAR-a təşəkkür etdi: “Vətəndaşlarımız yanacağı daha ucuz alırlar”
-
2 saat əvvəl
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
-
3 saat əvvəl
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycanda tikinti xərcləri 13,5% artıb – Mənzil tikintisinin maya dəyəri yüksəlir
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
Ən çox oxunanlar
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Azərbaycan neftinin son qiyməti
Paşinyan yeni Konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib
Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib, sənəddə Müstəqillik Bəyannaməsinə istinad yoxdur






















