“Hər mövsüm 3-4 min manat qazanc götürürük”
Bakıda zeytunun yığım mövsümü təzə başlasa da, zeytun bağlarının əksəriyyətində məhsul bitmək üzrədir. Paytaxtda ötən əsrin ortalarından salınan zeytun təsərrüfatlarının bir hissəsi baxımsızlıqdan, qalan hissəsi isə tikinti məqsədilə məhv edildiyindən, indi Bakıda zeytun toplanan çox kiçik bağlar qalıb. Hələ də paytaxtın müxtəlif ərazilərindən gələrək gündəlik dolanışığını zeytun yığıb təhvil verməklə çıxaran adamlar var. Belə ərazilərdən biri də Z.Əliyeva parkının yaxınlığında yerləşən məşhur “Zeytunluq”dur. Paytaxt sakinləri burada zeytun yığımına ötən ayın ortalarından başlayıblar. Ümumilikdə 8 hektara yaxın ərazini tutan zeytun bağlarında ağacların çoxu qocaldığından məhsuldarlıq o qədər də yüksək deyil. Bunu zeytun yığanlar da təsdiqləyir. İllərlə budanmayan ağaclarda budaqlar bir-birinə elə dolaşıb ki, zeytun yığanlar əməlli-başlı əziyyət çəkirlər.
Bağda iş mövsümün ən qaynar vaxtında hələ alaqaranlıqdan yığım başlayır. Get-gedə isə məhsul azalır və yığım səngiyir.
“Hər mövsüm 3-4 min manat qazanc götürürük”
15 ildən artıqdır ki, bu bağdan zeytun yığan Gülşən Alıyeva Cəbrayıl rayonundan olan məcburi köçkündür. Dediyinə görə, evi bağa yaxın olduğundan, hər il mövsümün açılışını özü edir: “Zeytun çox bərəkətli məhsuldur, Allahın verdiyi nemətdir. Cəmi bir ay olur, nə yığdın-yığdın. Bu bir ayda gecəmiz-gündüzümüz olmur, alaqaranlıqdan uşaqlarla, gəlinlərlə zeytun ağaclarını gəzirik. 9 nəfərlik ailəmiz var, köməkli bir ilin ruzisini çıxarırıq. Düzdür, zəhmətli işdir, amma neyləyək, çörəkpulumuz bundan çıxır da”, – deyə müsahibimiz bildirir.
G.Alıyeva deyir ki, hər mövsümdə zeytundan təxminən 3-4 min manat qazanc götürürlər. Topladıqları zeytunu elə yerində kiloqramı 1 manata zavodun işçilərinə təhvil verirlər.
Amma zeytunluqda məhsul toplayanlar təkcə yaxınlıqda yaşayanlar deyil. Mövsüm vaxtı burada yaşayan, yaxınlarının evində qalıb məhsul yığanlarla yanaşı, hər gün Bakının kənarlarından, hətta Sumqayıtdan gələnlər olur.
Tərkibi bir çox vitaminlər, antioksidantlarla zəngin olan, sümük toxumalarını, əzələləri, möhkəmləndirən, orqanizmin qocalma prosesini əngəlləyən bu bitkini duza qoymaqla yanaşı, həm də yağ istehsalı üçün alırlar.
Həmsöhbətimiz Töhfə adlı qadın isə zeytunu satmaq məqsədilə deyil, özü üçün yığdığını deyir: “Hər ilin bu vaxtı 6-cı mikrorayonda yaşayan bacımın evinə gəlirəm. 10-15 kiloqram zeytun yığıb duza qoyuram. Biz satmaq üçün yığmırıq, özümün də, yoldaşımın da şəkəri var. Zeytun da şəkər xəstəliyinin dərmanıdır, ancaq ona görə yığıram”, – Töhfə xanım iri kəsilmiş budaqdakı məhsulları toplaya-toplaya söhbətinə davam edir.
“Bəs niyə budağı qırıb yığırsınız?” sualına gəlincə isə zeytun toplayan qadın etiraz edir: “Bunu qırmamışıq ki, yoldaşım ağacı budayıb, mən də budaqdakıları yığıram”.
– Axı meyvə gətirmiş ağacı budamazlar.
Bu dediyimi isə Töhfə xanım heç eşitmir, ya da özünü eşitməzliyə qoyur. Şəklini çəkməyimizə isə qəti şəkildə etirazını bildirir: “Gəl otur, nə sualın varsa, ver. Amma şəkil olmaz. Mənim şəklimi indiyə qədər heç kəs çəkməyib. Heç həyat yoldaşım da şəklimi çəkə bilməz”, – deyə həmsöhbətimiz bildirir.
“…Polisi görəndə qaçırlar”
Z.Əliyeva adına parkın qurtaracağında isə qarşılarında zeytun kisəsi olan iki yeniyetmə diqqətimizi cəlb edir. Biri Əkrəm, o biri isə Vüsaldır. 15-16 yaşlı oğlanlar ailələrinə kömək üçün hər gün bu bağa gəldiklərini deyirlər. Onların sözlərinə görə, əgər budaqları qırmasan, polis hər kəsə bu bağdan məhsul toplamağa icazə verir: “Biz səliqə ilə yığırıq, budaqları qırmırıq. Çünki polis bağda gəzir, nəzarət edir. Kim budaqları sındırırsa, qovub çıxarırlar, bir də bağa buraxmırlar. Onlar xəlvət yığırlar, polisi görəndə də qaçırlar. Budaqları qıranların çoxu qadınlardır. Əvvəlcə budaqları qırıb yerə tökürlər, sonra yerdə oturub zeytunları toplayırlar”, – deyə Əkrəm dillənir.
Məlum olur ki, Vüsalla Əkrəm əmioğludurlar. Əkrəm 9-cu mikrorayonda yaşayır, hər il buradan zeytun toplayaraq satır. Vüsalınsa bu bağa ilk gəlişidir: “Qardaşımın gələn ay toyu olacaq. Mən də gəldim ki, zeytun yığıb özümə əyin-baş alım. Pis deyil, 10 gün olar ki, buradayıq, hər yığanda azı 20 kiloqram yığırıq. Amma daha bağda zeytun qalmayıb, qalan da ağacın təpəsində, əl çatmayan yerdədir”, – deyə Vüsal bildirir.
Vüsal deyir ki, topladıqları zeytun kisəsini elə bağda qabaqlarına qoyub otururlar. Zavod işçiləri isə özləri onları tapır: “Yaxşı satılır, axşama qalmır. Hər gün bir maşınla gəlib təhvil alırlar. Qalanda da sabah yığdığımıza qatıb təhvil veririk. Əsas odur çürüməsin”, – deyə həmsöhbətimiz bildirir.
“Dəfələrlə danlamışam, xeyri yoxdur”
Zeytun yığanlar ağacların qoca olmasından və on ildən artıqdır ki, budanmamasından gileylənirlər. Onların sözlərinə görə, əslində, ağaca vaxtlı-vaxtında qulluq edilsə, yüzlərlə kiloqram məhsul toplamaq olar. Bağa bitişik parkda dincələn sakinlər isə çəkiliş apardığımızı görüb zeytun yığanlardan şikayətlənirlər. Özünü parkın daimi sakini Kamal Məmmədov kimi təqdim edən kişi isə əslində zeytunun əllə yığılmamalı olduğunu deyir: “Bu bağ çox böyük ərazini əhatə edirdi, qırıb qurtardılar, indi 7-8 hektar ərazi qalıb. Ağaclar da qocalıb, baxan, qulluq edən yoxdur. Camaat imkansızlıqdan gəlib zeytun toplayır. Amma ağacların budaqlarını qırıb-tökürlər. Mən özüm dəfələrlə uşaqları çağırıb danlamışam, xeyri yoxdur. Təkcə uşaqlar qırmır ki, böyüklər də qırır. Əslində, zeytun əllə toplanan bitki deyil, sovet dövründə zeytun yığan xüsusi maşınlar var idi. Ağacı silkələyib bütün zeytunu kisəyə tökürdü. Onlar olsaydı, bu ağaclar belə məhv edilməzdi”, – deyə müsahibimiz gileylənir.
Həmsöhbətimizin dediklərini bağ boyu ayağımızın altında qalan budaqlar da təsdiqləyir.
© Virtualaz
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
1 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
3 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























