Azərbaycan BYD şirkəti ilə sənədlər imzaladı
BYD ilə əməkdaşlıq çərçivəsində 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatının alışı, 2025-ci ildən yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur.Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması dayanıqlı inkişafda əsas hədəflərdəndir. Bu məqsədlə İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri tərəfindən ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.
MArja.az xəbər verir ki, bu İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb.
İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) ərəfəsində sözügedən müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha vurğulayır.
Saziş çərçivəsində BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Belə ki, şirkətlə 2026-ci ildən aşağı tonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır. Bu layihələr üzrə yaradılacaq birgə müəssisə tərəfindən ümumilikdə təqribən 60 milyon ABŞ dolları məbləğində əlavə investisiyanın qoyulması planlaşdırılır.
Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elektrik mühərrikli avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək şirkətdən alınmasına qərar verilib. Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı müəssisəsi fəaliyyətə başladıqdan sonra isə tələbat daxili istehsal hesabına ödəniləcək. Hazırkı mərhələdə “BakuBus” MMC tərəfindən BYD şirkətindən 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı alınacaq. Avtobusların 31 oktyabr 2024-cü il tarixinədək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.
BYD ilə əməkdaşlıq çərçivəsində 2025-ci ildə yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır. Həmçinin, layihə dəstək mexanizmləri, birgə müəssisənin maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının verilməsi və s. kimi məsələləri ehtiva edir. Lokallaşdırılmanın 2030-cu ilədək avtobusların ümumi maya dəyərinin 40%-ni təşkil etməsi nəzərdə tutulur. Layihə ilə bağlı müqavilənin bu ilin sentyabr ayında imzalanması planlaşdırılır.
Ölkəmizdə elektrik avtobuslarının istehsalı layihəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edəcək. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” MMC-dir.
Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalına yaradılacaq birgə müəssisə tərəfindən təqribən 34 mln. ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır.
Qeyd edək ki, 1995-ci ildə yaranmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
6 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
6 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
6 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
8 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
9 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
9 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
10 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
























