ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) Hörmüz boğazı ilə bağlı təchizat riskləri və qlobal neft ehtiyatlarında azalmanın qiymətlərə təsirini nəzərə alaraq, bu il üçün orta neft qiyməti proqnozunu yuxarı istiqamətdə yeniləyib.ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) “İyun 2026" hesabatına əsasən, bu il Brent markalı neftin orta barel qiymətinin 95,39 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Qurum əvvəlki hesabatında qiymət proqnozunu 94,85 dollar olaraq açıqlamışdı.
Marja xəbər verir ki, Qərbi Texas nefti (WTI) üzrə orta barel qiymətinin isə 88,32 dollar olacağı gözlənilir. EIA ötən ay WTI üzrə qiymət proqnozunu 85,68 dollar səviyyəsində müəyyən etmişdi.
EIA gələn il üçün orta barel qiyməti proqnozunu Brent nefti üzrə 79,39 dollar, WTI üzrə isə 74,39 dollar səviyyəsində müəyyən edib.
Neft qiymətləri ilə bağlı proqnozlarda Hörmüz boğazında 3 aydan çoxdur davam edən faktiki bağlanmanın qlobal neft bazarlarında volatilliyi yüksək səviyyədə saxlaması əsas təsir amillərindən biri kimi çıxış edir.
Hesabatda Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanın yaxın olduğuna dair xəbərlərin təsiri ilə Brent neftinin qiymətinin may ayında bir barel üçün orta hesabla 107 dollara gerilədiyi və aprel ayı ilə müqayisədə 10 dollar azaldığı bildirilib. Bununla belə, razılaşmanın hələ yekunlaşmadığı, regiondakı neft hasilatının mühüm hissəsinin hələ də dayanmış vəziyyətdə olduğu və qlobal tələbin qarşılanması üçün neft ehtiyatlarından istifadənin davam etdiyi vurğulanıb.
Bununla yanaşı, Hörmüz boğazının yayın əvvəlinədək faktiki olaraq bağlı qalacağı, neft axınlarının isə ilin üçüncü rübündə mərhələli şəkildə bərpa olunacağı ehtimal edilir. Hasilat və ticarət axınlarının münaqişədən əvvəlki səviyyələrə qayıtmasının isə 2027-ci ilin əvvəlinədək uzana biləcəyi proqnozlaşdırılır.
Qlobal təchizat fasilələrinin uzanması fonunda neft ehtiyatlarındakı azalmanın sürətləndiyi qeyd edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ümumi maye yanacaq ehtiyatlarının ilin sonunda 2003-cü ildən bəri ən aşağı səviyyəyə düşəcəyi ehtimal olunur.
EIA mövcud təchizat fasilələri səbəbindən neft ehtiyatlarının proqnoz dövrü ərzində münaqişədən əvvəlki səviyyələrə qayıtmayacağını qiymətləndirir. Qurum qlobal ehtiyatların ilin ikinci rübündə gündəlik orta hesabla 6,3 milyon barel azalacağını proqnozlaşdırır.
Qlobal neft tələbi azalma meylinə keçib
Tələb tərəfində isə yüksək yanacaq qiymətləri, yanacaq təchizatında azalma və hökumətlərin istehlakı azaltmağa yönəlmiş tədbirləri neft tələbi üzərində təzyiq yaradır. Tələbin zəifləməsi təchizat itkilərinə baxmayaraq, qlobal neft ehtiyatlarındakı azalmanı qismən məhdudlaşdırır.
Hesabatda tələbdəki azalmanın əsas hissəsinin Yaxın Şərqdən xam neft daşımalarından daha çox asılı olan Asiya ölkələrində müşahidə edildiyi qeyd olunub. Bildirilib ki, Hörmüz boğazının bağlanmasından ən çox təsirlənən regionlarda aktual tələb məlumatları məhdud olsa da, mövcud göstəricilər tələbdə gözləniləndən daha güclü azalmaya işarə edir.
Bu çərçivədə EIA qlobal neft tələbinin 2026-cı ildə gündəlik orta hesabla 1,1 milyon barel azalacağını proqnozlaşdırır. Qurum ötən ay tələbdə gündəlik 200 min barel, fevral ayında isə 1,2 milyon barel artım gözləyirdi.
ABŞ-ın xam neft hasilatında məhdud artım gözləntisi
Digər tərəfdən, ABŞ-da gündəlik orta xam neft hasilatının bu il 13 milyon 720 min barel olacağı gözlənilir. Bu göstərici əvvəlki hesabatda 13 milyon 650 min barel səviyyəsində proqnozlaşdırılmışdı.
Gələn il isə hasilatın gündəlik orta hesabla 14 milyon 150 min barel olacağı gözlənilir. Əvvəlki hesabatda bu proqnoz 14 milyon 100 min barel səviyyəsində idi.
Bu il qlobal neft təklifinin gündəlik orta hesabla 98 milyon 990 min barel, qlobal neft istehlakının isə 102 milyon 860 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.
Gələn il isə qlobal təklifin gündəlik orta hesabla 109 milyon 320 min barelə, istehlakın isə 105 milyon 320 min barelə çatacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
9 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
15 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 18 d. əvvəl
-
56 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Sentyabrın 29-da gözlənilən hava şəraiti
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Ən çox oxunanlar
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı


























