Nike Çində minlərlə onlayn distribütorla əməkdaşlığı dayandıracaq, rəqəmsal satış şəbəkəsini yenidən quracaq
Nike Çində pərakəndə onlayn satış mühitində yaranmış qarışıqlığı aradan qaldırmaq və regionda yenidən artıma nail olmaq məqsədilə yanvar ayından etibarən minlərlə onlayn distribütorla əməkdaşlığı dayandırmağı planlaşdırır. Marja xəbər verir ki, Şirkət bu barədə çərşənbə axşamı məlumat verib.
Gələn ildən Nike-ın onlayn fəaliyyəti əsasən şirkətin rəsmi internet saytı və mobil tətbiqi, həmçinin Çinin ən böyük elektron ticarət platformaları və sosial şəbəkələri sırasında yer alan Tmall, JD.com və Douyin-dəki rəsmi mağazaları üzərindən həyata keçiriləcək.
Hazırda istehlakçılar Nike məhsullarını bu kanallarla yanaşı, şirkətin Çindəki fiziki mağaza tərəfdaşlarının idarə etdiyi minlərlə onlayn mağazadan və ikinci dərəcəli distribütorlar şəbəkəsindən də ala bilirlər.
Geniş rəqəmsal satış şəbəkəsi Nike məhsullarının istehlakçılar üçün əlçatanlığını artırsa da, brendin təqdimatı və qiymət siyasətində uyğunsuzluqlara səbəb olub. Bu vəziyyət eyni zamanda şirkətin regionda satışların azalması tendensiyasını aradan qaldırmaq səylərini çətinləşdirib.
Nike-ın Böyük Çin regionu üzrə yeni vitse-prezidenti və baş meneceri Keti Sparks məktubunda bildirib:
“Yeni flaqman mağazalar bu ekosistemlər daxilində Nike üçün vahid və daha yüksək səviyyəli satış məkanı rolunu oynayacaq. Burada məhsullar daha aydın təqdim ediləcək, brendin hekayəsi daha güclü formada çatdırılacaq və istehlakçıların alış prosesi daha əlaqəli olacaq. Məqsədimiz istehlakçıların alış səyahətinə başlayıb yekunlaşdırdıqları platformaları gücləndirmək, həmin təcrübənin birbaşa, ardıcıl və şübhəsiz şəkildə Nike-a xas olmasını təmin etməkdir”.
“Bu addım əlçatanlığın azaldılması deyil. Söhbət parçalanmanın aradan qaldırılmasından və istehlakçı təcrübəsinin gücləndirilməsindən gedir. Təcrübə ardıcıl olduqda brend də güclənir”, – Sparks əlavə edib.
Nike-ın onlayn satış şəbəkəsini məhdudlaşdırmaq planı istehlakçılar üçün daha keyfiyyətli və vahid təcrübə yaratmaqla yanaşı, şirkətə internet üzərindən satış qiymətlərinə nəzarəti yenidən ələ almaq imkanı verəcək.
Bununla belə, yeni strategiyanın Nike-ın son beş ildə təxminən 30% kiçildiyi Çin bazarında gəlirlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar da mövcuddur.
Nike-ın onlayn distribütorlarla əməkdaşlığı dayandırmaq planı barədə məlumat ilk dəfə ötən ayın sonunda Çinin yerli mediasında yayılıb. Xəbər BNP Paribas-ın səhm analitiki Loran Vazileskunun məsələyə münasibət bildirməsinə səbəb olub.
Analitik qeyd edib ki, bu addım Nike-ın vaxtilə Şimali Amerikada topdansatış tərəfdaşları ilə əməkdaşlığı məhdudlaşdırmaq barədə uğursuz qərarını xatırladır. Həmin strategiya şirkətin regiondakı bazar liderliyini itirməsinə, satışlarının və mənfəət marjasının kəskin azalmasına töhfə vermişdi.
“Bu strategiya rəqiblər üçün rəflərdə əlavə yer açdı və Nike üçün uğursuz nəticələndi. Hesab edirik ki, şirkət Çində də eyni yanaşmanı tətbiq edərsə, oxşar vəziyyət yarana bilər”, – Vazilesku ötən ay yazıb.
O əlavə edib ki, BNP Paribas Nike səhmləri üzrə “bazardan zəif performans” reytinqini saxlayır:
“Biz Nike-ın distribütor probleminin deyil, məhsul probleminin olduğunu düşünürük. Bu problem digər bazarlara da aiddir”.
Dəyişikliyin Nike-ın Çindəki fiziki mağaza tərəfdaşlarına da mənfi təsir göstərəcəyi gözlənilir. Həmin şirkətlər son illərdə bizneslərini böyütmək üçün onlayn satış imkanlarını genişləndiriblər.
Buna baxmayaraq, Nike-ın materik Çindəki ən böyük distribütoru Topsports şirkətin qərarını dəstəklədiyini açıqlayıb.
Topsports-un baş icraçı direktoru Yu Vu bildirib:
“Topsports qarşılıqlı fayda və birgə inkişaf prinsipi əsasında 27 ildir Nike ilə əməkdaşlıq edir. Bu dəyişiklik qısamüddətli dövrdə biznesimizə müəyyən təzyiq göstərəcək. Lakin biz qəti şəkildə inanırıq ki, orta və uzunmüddətli perspektivdə bu istiqamət Çində daha sağlam, nizamlı və dayanıqlı pərakəndə satış ekosisteminin formalaşmasına, həmçinin istehlakçı təcrübəsinin və məhsulların cəlbediciliyinin yüksəlməsinə kömək edəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
55 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























