Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Pulunuzun doğru “iş yeri” haradır? - MÜSAHİBƏ

AzVak-mobil_resmin_ustu_31
Pulunuzun doğru “iş yeri” haradır? - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“CFI Financial İnvestisiya Şirkəti” QSC-nin rəhbəri Pərvanə Qasımova ilə investor davranışı, maliyyə savadlılığı, tənzimləmə, texnologiya və Azərbaycan kapital bazarının gələcəyi haqqında danışdıq.

- Kapital bazarına daxil olmaq istəyən şəxs ilk növbədə nəyi bilməlidir?

- Məncə, ilk və ən vacib addım investisiya etdiyiniz qurumun kimliyini və pulunuzun “iş yerini”  dəqiqləşdirməkdir. Səhmlər, istiqrazlar və ya digər maliyyə alətləri almaq istəyirsinizsə, ilk növbədə həmin şirkətin Azərbaycanda bu fəaliyyət üçün rəsmi lisenziyasının olub-olmadığını yoxlamalısınız.  Şirkət yerli müştərilərə xidmət göstərdiyi halda, tənzimləmə çərçivəsindən kənarda qalmağa və ya dolayı yollardan istifadə etməyə çalışırsa, bu, investor üçün ciddi həyəcan siqnalı olmalıdır. Şəffaflığı yoxlamağın ən asan yolu Mərkəzi Bankın açıq məlumatlarına baxmaq və ya lazımi halda quruma birbaşa müraciət etməkdir. Mən investorun qərarını rəsmi və yoxlanıla bilən məlumata əsaslandırmasını tövsiyə edərdim.

- İnvestisiya və ya ticarət hər zaman qazandırmalıdır?

- Yox, əlbəttə ki, bu, bir mifdir. Hər iki halda risklər ölçülməli və buna uyğun qərarlar verilməlidir. Mənə deyin, həyatın hansı hissəsində insan hər zaman qazanır? Bu, utopik düşüncədir. Qazanmaq kimi itirmək də hər zaman mövcuddur. Bu, artıq həyatın bir fəlsəfəsidir.

Lakin bu sahədə, əlbəttə ki, düzgün və uzunmüddətli maliyyə savadlılığı sizi kapitallaşmaya gətirib çıxara bilər. Əfsuslar olsun ki, bəzən bizi emosiyalar da idarə edir. Qorxu, tamah və səbirsizlik verdiyimiz qərarlara təsir edə bilər. Ona görə də investisiya və ticarətdə əsas məsələ hər dəfə qazanmaq deyil, riskləri düzgün qiymətləndirmək, emosiyaları idarə etmək və uzunmüddətli perspektivdə düşünməkdir.

- İnvestisiya və treydinq sahəsinin əsas rəqibləri kimlərdir?

- Əslində, ən böyük rəqibimiz digər brokerlər deyil, insanların pul barədə düşüncə tərzidir.

Qazanılan vəsaitin cəmi iki yolu var: ya istehlak olunacaq, ya da gələcək üçün işlədiləcək. İstehlak iqtisadiyyatın çarxlarını fırladır, bu vacibdir. Amma bütün gəliri xərcləmək əvəzinə, bir hissəsini investisiyaya ayırmaq uzunmüddətli maliyyə dayanıqlığı yaradır və maliyyə azadlığının təməlini qoyur. Əlbəttə, investisiya zəmanətli qazanc vədi vermir, risk və itki ehtimalı həmişə var. Lakin inkişaf etmiş bazarlarda insanlar pulu sadəcə xərcləmir, onu kapitala çevirməyi bacarırlar. Mən istəyərdim ki, cəmiyyətimizdə "pulumu hara xərcləyim?" sualı ilə yanaşı, "pulumu necə işlədim?" düşüncəsi də üstünlük təşkil etsin.

- Güclü tənzimləmə ilə bazarın sürətli inkişafı arasında balansı necə qiymətləndirirsiniz?

- Bəli, maliyyə bazarında sərt tələblər var. Amma mən bunu mənfi hal kimi qiymətləndirmirəm. Əksinə, kapital bazarının inkişafı üçün güclü tənzimləyici çərçivə vacibdir. Çünki burada insanların real pullarından söhbət gedir və investorun etimadını itirmək bütün bazar üçün çox baha başa gələ bilər. Tənzimləyici orqanın vəzifəsi yalnız qaydalar müəyyən etmək deyil, eyni zamanda bazarın sağlam inkişafı üçün şərait yaratmaqdır.

Bizim üçün də tənzimləyici tələblər bəzən əlavə iş və əlavə məsuliyyət deməkdir. Amma mən bunu bazarın peşəkarlaşmasının bir hissəsi kimi görürəm. Güclü kapital bazarı ilə ciddi tənzimləmə ziddiyyət təşkil etmir. Əksinə, bir-birini tamamlayır.

- Texnologiya şirkətləri çox perspektivli görünür. Bu, növbəti “bubble” ola bilərmi?

- Əlbəttə, ola bilər. Lakin mən “bubble”  anlayışına fəlakət kimi baxmıram. Tarix göstərir ki, şişirdilmiş qiymətlər və spekulyasiya mərhələsi bəzən texnoloji sıçrayışları sürətləndirir. Məsələn, "dot-com" çöküşündə minlərlə şirkət sıradan çıxdı, investorlar böyük itkilərlə üzləşdi. Amma məhz həmin dövrdə müasir internetin bünövrəsini qoyan nəhəng infrastruktur quruldu.  Bu gün süni intellekt və digər texnologiyalar ətrafında da böyük gözləntilər var və aydındır ki, hər şirkət bu gözləntiləri doğrultmayacaq.

Ona görə mənim üçün əsas sual “bubble olacaqmı?” deyil. Əsas sual budur: bu texnologiyaların arxasında real iqtisadi dəyər və davamlı biznes modeli varmı? Əgər varsa, bazardakı dalğalanmalar uzunmüddətli inkişafı dayandırmayacaq.

- İnvestisiyada və treydinqdə emosiya nə qədər vacibdir?

- Çox vacibdir. Hətta deyərdim ki, ən vacib məsələlərdən biridir. Xüsusilə aktiv treydinqdə insanın ən böyük rəqibi bəzən bazar deyil, özüdür. Qorxu, tamahkarlıq, səbirsizlik və "itirdiyimi nə olursa-olsun geri qaytarmalıyam" düşüncəsi insanı çox yanlış qərarlara apara bilər. Bazar hər gün imkanlar təklif edir, amma hər imkan sizin üçün nəzərdə tutulmayıb. Ona görə də bu sahədə intizam çox vacibdir. Strategiyanız, risk limitləriniz və qərarvermə qaydalarınız olmalıdır. İnvestisiyada ən çətin məsələ bazarı deyil, öz emosiyalarını idarə etməkdir.

- Bu bazarda uzun müddətdir çalışırsınız. Son illərdə nə dəyişib?

- Əslində, son illərdə mən pessimist fikirlərdən uzaqlaşmışam. Hər şeyin bir zamanı var və bazarlar bir gündə formalaşmır.  Ən böyük dəyişikliklərdən biri tənzimləyici mühitin və bazara yanaşmanın dəyişməsidir. Mərkəzi Bank artıq sadəcə monetar siyasətlə kifayətlənmir, həm də kapital bazarının böyüməsində aktiv hərəkətverici qüvvəyə çevrilib. Bu, heç də asan məsələ deyil. Çünki innovasiyanı dəstəkləməklə investorun qorunması arasında çox nazik bir xətt var. Amma mən ümumilikdə tutulan istiqaməti son dərəcə müsbət qiymətləndirirəm.  Azərbaycan kapital bazarının hələ böyük inkişaf potensialı var. Bizim məqsədimiz də həmin potensialın reallaşmasına töhfə verməkdir.

- Bəs bundan sonra nə görmək istəyərdiniz?

- Daha çox innovasiyaya açıq insan görmək istərdim. Məncə, insan beyninin əsas funksiyası yalnız mövcud sistemi təkrarlamaq deyil, onu təkmilləşdirməkdir. 

Yalnız işləmək və mövcud prosesləri təkrarlamaq bizi müəyyən mənada robotlaşdıra bilər. İnkişaf isə sadə bir sualla başlayır: “Bunu daha yaxşı necə edə bilərik?”

Bəzən prosesləri dəyişmək, risk etmək, hətta ilk baxışda ağlasığmaz görünən ideyalara şans vermək lazımdır. Çünki böyük uğurlar hər kəsin tapdaladığı cığırla deyil, kimsənin getməyə cəsarət etmədiyi yollarla qazanılır.

Mən Azərbaycanın maliyyə bazarında da məhz bunu görmək istəyirəm: daha çox innovasiya, daha yüksək maliyyə savadlılığı, daha çox rəqabət və ən əsası – investor etimadı.

- Müsahibəyə görə, təşəkkür edirik.

İş elanları AzVak.az-da

21.08.2026 15:07
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19