"SOCAR heç bir xarici tərəfdaşdan asılı deyil" - MÜSAHİBƏ
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə müsahibə
- Ötən il SOCAR-ın əsas nailiyyətləri nədən ibarət olub və 2018-ci ildə gözləntiləriniz nədir?
- 2017-ci ildə biz strateji hədəflərimizin çoxunu həyata keçirməyə nail olduq. Bu baxımdan, “Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənilməsinə dair yeni müqavilənin imzalanması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Yeni müqaviləyə əsasən, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar həcmində bonus ödəyəcək, SOCAR-ın AÇG-dəki iştirak payı isə 11,65 faizdən 25 faizə qaldırılacaq. Beynəlxalq tərəfdaş şirkətlərin investisiyalarından asılı olmayaraq, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq.
Ötən il SOCAR tərəfdaş şirkətlərlə birlikdə 177 quyunun istismara verilməsini həyata keçirib. Şirkətin öz quyu fonduna isə 80 yeni quyu əlavə edilib. 2016-cı ilin sonlarında “Ümid” yatağında bir, ötən il “Bulla-dəniz” yatağında isə daha iki yüksəktəzyiqli və yüksəkhərarətli quyunun qazılmasına nail olduq. Bu quyular 6 min metrdən artıq dərinlikdə qazılıb.
Həmçinin biznes portfelimizin davamlı şaxələndirilməsi və beynəlxalq neft bazarında payımızın artırılması ən çox diqqət çəkən nailiyyətlərimizdəndir. SOCAR-ın ticarət qolu olan “SOCAR Trading” şirkəti Azərbaycan xam neftindən əlavə, üçüncü tərəflərin xam neft və neft məhsullarının satışını həyata keçirir ki, bu da ötən il xam neft və neft məhsullarının ticarət dövriyyəsinin həcmini 108 milyon tona çatdırmağa imkan yaradıb. Nəzərə almaq lazımdır ki, həmin həcmin 86 milyon tonunu üçüncü tərəflərin xam neft və neft məhsulları təşkil edib. Beləliklə, “SOCAR Trading” şirkəti xam neft və neft məhsullarının ümumi ticarət həcmini 2 dəfədən çox, üçüncü tərəflərin məhsullarının satış həcmini isə 3 dəfəyə qədər artırıb. Bu, şirkətin 10 illik yubileyi ərəfəsində qazandığı böyük uğurdur. Bu nailiyyət, əsas etibarilə, “SOCAR Trading” şirkətinin Çin və Hyustonda ofislərinin genişləndirilməsi və “Ağır dizel yanacağı” kateqoriyası üzrə bazar payının artırılması sayəsində mümkün olub.
Eyni zamanda, böyük qürur hissi ilə qeyd etmək istərdik ki, bu il SOCAR-n strateji əhəmiyyətə malik 6 layihəsi – Türkiyədə TANAP, “Star” neft emalı zavodu, Gürcüstan və Azərbaycanda isə “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının inşası başa çatacaq və layihələr çərçivəsində istismara başlanılacaq. Bu isə, öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək, xarici valyuta axınını təmin edərək, minlərlə yeni iş yeri yaradacaq, Azərbaycanın və regionun iqtisadi inkişafına təkan verəcək.
- Azərbaycanda təbii qaza olan tələbat artmaqda davam edir. “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarı kimi, Azərbaycan gələcəkdə ölkənin artan təbii qaz tələbatını ödəməyə və Avropanın enerji təchizatı təhlükəsizliyinin təmin olunması öhdəliyini tam şəkildə yerinə yetirməyə müvəffəq olacaqmı?
- Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri, ərazi etibarilə Nyu-Yorkun Manhattan rayonunun ərazisinə bərabər olan “Şahdəniz” yatağı yerli və xarici bazarlara qaz təchizatını təmin edir. Yataqdan çıxarılan qaz həcminin müəyyən hissəsi zəmanət əsasında daxili bazar üçün nəzərdə tutulur. Bununla yanaşı, yatağın istismarının ikinci mərhələsində ildə əlavə 16 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır. Bu həcmlər 2018-ci ildən başlayaraq Cənub Qaz Dəhlizinə yönəldiləcək.
“Şahdəniz” yatağından başqa, “Abşeron”, “Ümid”, “Qarabağ” yataqları, “Babək” perspektiv strukturu kimi digər sahələrimiz var. Bu sahələr həm enerji mənbəyi, həm də Azərbaycanda inkişaf edən emal sənayesi üçün xammal kimi, daxili bazarın artan tələbatını əlavə qaz həcmləri ilə təmin edəcək. Şirkətin gələcək illər üçün əsas inkişaf istiqamətləri emal və kimya sahələri olacaq. Xüsusilə, plastik istehlak malları və gübrə istehsalı üçün polimer və karbamid istehsalını artırmağı planlaşdırırıq.
Hazırda biz yeni neft və qaz yataqlarının işlənilməsi ilə məşğuluq və onların əsasən 2020-2021-ci illərdə istismara veriləcəyi gözlənilir. Nəticə etibarilə, gələcəkdə təbii qaz hasilatını daha da artırmağa nail olacağıq ki, bu da öz növbəsində emal sənayesinin inkişafı ilə əlaqədar artan yerli təbii qaz tələbatının ödənilməsinə imkan yaradacaq, eləcə də Avropanın enerji təchizatına davamlı töhfələr verməyə xidmət edəcək.
“Abşeron” yatağı SOCAR və Fransanın “Total” şirkəti tərəfindən birgə işlənəcək. SOCAR “Ümid” və digər strukturların işlənməsinə dair perspektiv əməkdaşlıq üçün danışıqlar aparmağa hazırdır. Azərbaycan neft-qaz sənayesi zəngin tarixi ənənələrə malikdir və enerji resurslarımızı inkişaf etdirmək üçün bizim kifayət qədər texniki və maliyyə imkanlarımız var. Əslində, hökumət artıq “Ümid” təbii qaz yatağının işlənməsi üçün maliyyə vəsaiti ayırıb. Buna görə də SOCAR ölkədə neft və qaz ehtiyatlarının işlənilməsi üçün heç bir xarici tərəfdaşdan asılı deyil. Lakin dövlət şirkəti olaraq, biz mövcud vəsaitlərin bir hissəsinin qənaət olunmasına, onların təhsil və səhiyyə kimi digər iqtisadi-sosial sahələrə yönəldilməsinə üstünlük veririk. Bu baxımdan, potensial tərəfdaşların qarşılıqlı fayda əsasında layihələrimizə investisiya qoymaq və cəlb olunmaq istəyini alqışlayırıq.
- Avropa İnvestisiya Bankı “Trans-Adriatik” boru kəməri (TAP) layihəsinə 1,5 milyard avro məbləğində kredit ayrılmasını təsdiqləyib. Bu isə layihənin vaxtında yerinə yetirilməsi baxımından vacibdir. İndiyədək Cənub Qaz Dəhlizinin hər bir komponentinə nə qədər investisiya yatırmısız və TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk kommersiya qazının çatdırılmasını nə vaxta planlaşdırırsınız?
- Azərbaycanın zəngin təbii qaz ehtiyatlarını reallaşdırmaq üçün müxtəlif imkanlar mövcud idi. Lakin biz Avropaya ixrac kəmərinin tikilməsinə üstünlük verdik. Müxtəlif ölkələrin qanunvericiliyinə əsaslanan, müxtəlif qitələrdə həyata keçirilən bir meqa-layihə nə qədər mürəkkəb olsa da, Azərbaycan Cənub Qaz Dəhlizinə öncüllük edib. Hazırda Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına sadəcə bir addım qalıb. Biz də avropalı tərəfdaşlarımızla dayanıqlı əməkdaşlıq qurmağın intizarındayıq. Avropa İnvestisiya Bankının TAP-a birbaşa maliyyə töhfəsi Avropanın enerji təhlükəsizliyi baxımından Cənub Qaz Dəhlizinin əhəmiyyətini bir daha göstərir.
İndiyədək qoyulan birgə sərmayənin ümumi həcmi 29,7 milyard ABŞ dollarıdır. Azərbaycan “Cənub Qaz Dəhlizi” QSC-nin timsalında bu günə qədər dəhlizin dəyər zəncirinə daxil olan 4 layihədə iştirak payının maliyyələşdirilməsinə 8,7 milyard dollar həcmində investisiya yatırıb. İşlər qrafikə uyğun davam edir və layihə nəzərdə tutulan vaxtda tamamlanacaq. Artıq Cənubi Qaz Dəhlizinin Azərbaycan, Gürcüstan və Türkiyədəki hissələrinin istismarına başlamaqdayıq. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qaz həcmlərinin 2018-ci ilin ortalarında çatdırılması nəzərdə tutulur.
© Azərtac
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 saat əvvəl
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
-
2 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
3 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
3 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
4 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
4 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb





.jpg)








.jpg)





